ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu bir daha sübut etdi ki, Birləşmiş Ştatlar ölkəmizin re­giondakı yerini, rolunu və çəkisini yüksək qiymətləndirir. Ağ ev ölkəmizlə bundan sonra da strateji tərəfdaşlıq münasibətlərinin qorunub saxlanılmasında və daha da inkişafında maraqlıdır... Bu fikirləri bizimlə söhbətində Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov ded:
Deputat ABŞ-ın Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, ölkəmizin dünyada sül­hün və təhlükəsizliyin, eləcə də Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolu dəyərləndirdiyini diqqətə çatdırdı. Bildirdi ki, Prezident Cozef Baydenin mövqeyinə görə, Azərbaycanın bu istiqamətdə çəkisi daha da artmaq­dadır. Ölkəmiz bu gün də Avropa­nın enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Həqiqətən də, Azərbaycan indiki reallıqlar fonunda Avropa İtifaqının enerji təhlüksizliyinin təminində çox ciddi amilə çevrilib.
E.Nəsirov dedi ki, keçən il Azərbaycan Avropa ölkələrinə 8,2 milyard kubmetr qaz verib. Bu il 19 milyard kubmetrdən çox olması proqnozlaşdırılır: “Bu, bir daha onu göstərir ki, ABŞ Azərbaycanın oynadığı rolu izləyir, görür və yüksək qiymətləndirir. Eyni zamanda, Birləşmiş Ştatlar ölkəmizin beynəlxalq terrorizmə qarşı mübarizədə fəaliyyətinə də böyük dəyər verir. Beynəlxalq terrorizmə qarşı mübarizənin ilk günlərindən Azərbaycan öndə gedən dövlətlər sırasında olub və bu istiqamətdə konkret əməli addmlara imza atıb”.
Prezidentinin təbrik məktubunda diqqəti cəlb edən əsas məsələlərdən birinin Ermənistan – Azərbaycan münasibətlərinin normalaşdırılması ilə bağlı məqamların qabardılmasıdır. Bu işdə Cozef Baydenin mövqeyi belədir ki, o, iki dövlət arasında əlaqələrin intensivləşdirilməsində maraqlıdır. Cənubi Qafqaz regionun­da uzunmüddətli və davamlı sülhün əldə edilməsi üçün Birləşmiş Ştatlar öz töhfəsini vermək niyyətindədir. Xüsusilə, iqtisadiyyat, nəqliyyat və insanlararası münasibətlərin forma­laşdırılması üçün ABŞ öz dəstəyini göstərməyə hazrıdır.
E.Nəsirovun mühüm hesab etdiyi məqamlardan birinin də Azərbaycanın Ukrayna böhranı kontekstində davranışı ilə bağlı məsələlərə cənab Baydenin diqqət ayırmasıdır. Bu məqam məktubda da öz əksini tapıb. Qeyd olunur ki, Azərbaycan Ukray­nanın suverenliyini dəstəkləyir və bir neçə dəfə humanitar yardım göstərib. Bu məsələdə Azərbaycanın mövqe­yi, atdığı addımlar rəsmi Vaşinqton tərəfindən yüksək qiymətləndirilir.
ABŞ Prezidenti Ukrayna böhranı fonunda yaranmış qlobal qeyri-sabitlik məsələlərinə diqqəti cəlb edir və bu kontekstdə vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi Birəşmiş Ştatlar tərəfindən dəstəklənir. Cozef Bayden növbəti illərdə də Azərbaycanla əməkdaşlığın daha da intensivləşdirilməsində maraq­lı olduğunu ifadə edib: “Təbii ki, bütün bunlar bir daha onu göstərir ki, ABŞ Azərbaycanda gedən bütün prosesləri diqqətlə izləyir. Ölkəmizin getdikcə gücləndiynin, regionda söz sahibi olduğunun, beynəlxalq sülhün və təhlükəsizliyin təminatına verdiyi böyük töhfənin fərqindədir. Bu tarixi nailiyyətlərin əsasında, Azərbaycan Prezidentinin müdrik siyasəti, onun yüksək dövlət idarəçilik qabiliyyəti, eyni zamanda, müasir beynəlxalq çağırışları düzgün qiymətləndirməsi və ondan irəli gələn adekvat addım atmaq bacarığı dayanır. Bu faktları Birləşmiş Ştatların ali siyasi rəhbərliyi görür”.
E.Nəsirov söhbətinə davam edərək dedi: “Təbrik məktubunda əks olunan fikirlər bir daha onu təsdiqləyir ki, rəsmi Vaşinqton Azərbaycan Prezidentinin mahir diplomat, müzəffər Ali Baş Koman­dan olduğunu qiymətləndirir. Bütün bunlardan irəli gələrək, ölkəmizlə uzunmüdətli əməkdaşlığın daha da genişləndirilməsi niyyətini ortaya qoyur”.
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”скачать dle 12.1