İyun ayının 2-də bir qrup II Qarabağ müharibəsi iştirakçısı əlilliyin təyinatı ilə bağlı nazirliyin qarşısında narazılıqlarını ifadə ediblər.

Etiraz edən qazilərin içərisində l Qarabağ müharibəsi iştirakçısı da, hələ də birdəfəlik ödənişi almayan, yenidən əlilliyi təsdiq edilməyən vətəndaşlar da var idi.

Xatırladaq ki, ötən il dekabrın 23-də ölkə başçısının imzaladığı fərmana əsasən, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.

Sənədə əsasən, aidyyəti qurumlar birdəfəlik ödəmə veriləcək şəxslərin siyahısını müəyyən etmək məqsədilə müvafiq məlumatları iki ay müddətində, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan şəxslərin, Dövlət Sığorta Kommersiya Şirkəti isə qeyd edilən kateqoriyalara aid olan və sığorta ödənişi verilmiş şəxslərin siyahısını bir ay müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməli idilər.

Lakin fərmanın imzalanmasından 5 ay keçsə də, hələ də l Qarabağ müharibəsi əlilləri onlar üçün müəyyən olunan sığorta pulunu ala bilməyiblər. Qeyd edək ki, birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək və həmin ödəmələr üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.

Bu isə Qarabağ əlillərinin ciddi narazılığına səbəb olur. Onlar bildirirlər ki, nazirlik Prezident sərəncamından keçən 5 aydan da artıq müddətdə sənədin icrasını təmin edə bilmir və ya buna maraq göstərmir. DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, yaxın günlərdə birdəfəlik ödənişlərin verilməsinə başlanılacaq.

Lakin nazirlik rəsmisi yen də konkret tarix açıqlamayıb.
скачать dle 12.1