İyunun 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində iki dövlət arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində yeni ciddi addımlar atılıb. 
 
Belə ki, səfər zamanı İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişlənməsi barəsində bəyannamə imzalayıblar.  Bununla yanaşı, Azərbaycan və Özbəkistan hökumətləri həmçinin siyasi, iqtisadi, humanitar, hərbi, nəqliyyat və digər sahələrdə qarşılıqlı tərəfaşlıq edəcəklər.  
 
Azərbaycan-Özbəkistan əlaqələrində yeni tarixi anların yaşandığını deyən Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov açıqlamasında Prezident İlham Əliyevin Özbəkistana tarixi səfərinin ikitərəfli münasibətlərin bundan sonrakı inkişafı istiqamətlərində imkanları daha da genişləndirəcəyini bildirib. 
Elman Nəsirov: Fransanın Əlcəzairdə törətdiyi vəhşilikləri heç kim unutmayıb
 
“Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995  - ci ildən bəri davam edir. Həmin ildə Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri olub. Bu səfər çərçivəsində iki dövlət arasında 18 sənəd imzalanıb. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin öz növbəsində Özbəkistana rəsmi səfəri zamanı isə əlavə 19 vacib sənəd də imzalanıb. Əlaqələrimizin bundan sonrakı inkişaf istiqamətləri də qarşılıqlı səfərlər və bu görüşlər çərçivəsində imzalanan normativ-hüquqi sənədlər əsasında formalaşıb. Hazırda da Azərbaycan-Özbəkistan əlaqələrinin sürətlə inkişaf etdiyinə müşahidə edirik”. 
 
Elman Nəsirov Prezident İlham Əliyev və Şavkat Mirziyoyev arasında imzalanan strateji bəyanatın əhəmiyyətinə toxunub. 
 
“Bu bəyanat iki dövlətin münasibətlərini və tərəfdaşlıq priotetlərini müəyyən edən yol xəritəsi hesab olunur. Sənəddə iqtisadi-ticarət, investisiya, siyasi-diplomatik əlaqələr, humanitar yardım, eyni zamanda hərbi-texniki əməkdaşlıq ilə bağlı olan geniş məsələlər öz əksini tapıb. Hər iki dövlətin liderləri bu məsələlərin vacibliyini öz çıxışlarında vurğulayıblar. Hər iki dövlət, hər iki xalq eyni milli, dini və mədəni dəyərləri paylaşır. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafı üçün münbit şərait yaradacaq”. 
 
Beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətinə gəlincə isə, E.Nəsirovun fikrincə, Özbəkistan iqtisadiyyatının dünyaya inteqrasiyasına Azərbaycanın kommunikasiya imkanları və logistika təcrübəsi öz töhvələrini verə bilər. 
 
“Azərbaycan-Özbəkistan münasibətlərinin perspektivlərində regional və beynəlxalq dəhlizlər də mühüm rol oynaya bilər. Özbəkistanın Azərbaycan ərazisindən keçən nəqliyyat kommunikasiyalarından istifadə etmək potensialı var. Əlbəttə, söhbət burada Bakı-Tiflis-Qars dəmir yolundan gedir. Özbəkistanın iştirakı ilə yük daşınmaların həyata keçirilməsində yeni imkanlardan istifadə etmək olar. Eyni zamanda Azərbaycan da Özbəkistan-Qırğızıstan-Çin dəmir yol xətti və onun imkanlarından bəhrələnə bilər. Göründüyü kimi, iki dövlət arasında nəqliyyat kommunikasiya sahəsində əməkdaşlığın dərinləşməsi üçün əməli addımların atılması ilə bağlı razılaşmalar əldə edilib”.
 
E.Nəsirov Azərbaycan və Özbəkistanın beynəxalq nəqliyyat üzrə əməkdaşlığında Zəngəzur dəhlizinin önəminə də münasibət bildirib.  
 
“Zəngəzur dəhlizinin reallaşması bizim üçün strateji cəhətdən əhəmiyyətlidir. Bu dəhlizin fəaliyyətə düşdüyü təqdirdə təkcə Azərbaycanın qərb bölgələri və Naxçıvan arasında kommunikasiya bərpa edilməyəcək, həmçinin dünya bazarına da çıxışlar əldə ediləcək. Özbəkistanın da bu prosesdə imkanlarını səfərbər etməsi olduqca vacib məqamlardan biri hesab oluna bilər.  Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması məsələsində Rusiya, İran, Türkiyə, Qərb və Mərkəzi Asiya amillərini nəzərə almaq lazımdır. Dəhlizin reallaşması Özbəkistana siyasi və iqtisadi faydalar gətirəcək”.
скачать dle 12.1