Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Prezident İlham Əliyevin Özbəkistana səfərindən gözləntilər nələrdir?
Milli Məclisin deputatı Elman Nəsirov Cebhe.info-ya açıqlamasında bildirib ki, İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradacaq: 

“Çünki səfər çərçivəsində 19 mühüm sənədin imzalanması gözlənilir. Xüsusilə, onların içərisində Azərbaycan və Özbəkistan arasında beynəlxalq avtobomil əlaqəsi haqqında müqaviləni qeyd etmək istərdim. Məhz bu səfər ulu öndər Heydər Əliyevin Özbəkistana ilk rəsmi səfərindən 25 il sonra eyni vaxtda, iyun ayına təsadüf edir.
Maraqlıdır, o zaman da iki dövlət arasında məhz 19 sənəd imzalanmışdı. Bu da çox diqqət cəlb edən məqamlardan biridir. Xatırladım ki, diplomatik münasibətlərimizin əsası 1995-ci ildə qoyulub. 1996-cı ildə Özbəkistan Respublikasının ilk prezidenti İslam Kərimovun Azərbaycana səfəri zamanı da 18 strateji əhəmiyyətli sənəd imzlanmışdı. 1997-ci ilə isə ulu öndər Heydər Əliyevin Özbəkistana səfər etmişdi”.
Millət vəkili deyib ki, Özbəkistanla Azərbaycanı ortaq mədəniyyət, eyni dini dəyərlər və eyni kök birləşdirir:
“Bu səfər çərçivəsində heç şübhəsiz ki, ilk növbədə ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafı ilə bağlı mühüm addımların atılması gözlənilir. Eyni zamanda qarşılıqlı investisiya fəaliyyətinin təşkili ilə bağlı müvafiq sənədlərin imzalanması və xüsusən də, logistika sahəsində əməkdaşlığımızın inkişafı ilə bağlı müəyyən addımların atılması gözlənilir. Bütünlükdə imzalanacaq sənədlər Azərbaycan-Özbəkistan münasibətlərini yeni mərhələyə yüksəldəcək”.
Elman Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya siyasəti də çox uğurla reallaşmaqdadır:
“Yaxın zamanda Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana səfəri gözlənilir.Həmçinin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri planlaşdırılır. Artıq Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizə, Azərbaycan Prezidenti İlham Əliyev isə Özbəkistana səfər etdi. Bütün bunlar onu göstərir ki, cənab Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası sürətli inkişaf tempinə malikdir. Bu baxımdan da rəsmi Bakı və Daşkənd münasibətləri inkişaf etməkdədir”.скачать dle 12.1