Qəsdən adam öldürməkdə təqsirli bilinən qadına hökm oxunub. O, qeyri-rəsmi münasibətdə olduğu şəxsi qətlə yetirməkdə suçlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror törətdiyi əmələ görə Günel Qasımovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Dövlət ittihamçısı çıxışında deyib ki, Günel hadisədən əvvəl Ramiz Hüseynova mesaj yazaraq pulu qaytarmadığı üçün ondan qisas alacağını deyib. Məlum olub ki, mərhumla aralarında sevgi münasibəti olan Günel bir neçə dəfə ona borca pul verib.

Ramiz Hüseynovun borcu geri qaytarmaması Güneli qəzəbləndirib və bundan sonra o qisas almağı planlaşdırıb.

Prokuror çıxışında bildirib ki, Günel hadisədən sonra izi itirmək üçün parkda olan nəzarət kameralarının əks istiqamətinə, qaranlıq əraziyə doğu hərəkət edib. Dövlət ittihamçısı Günelin əməlinin məhkəmə istintaqında tam olaraq sübuta yetirildiyini deyib.

O da məlum olub ki, Günelin mərhuma sonuncu mesajı "inanmıram, ona görə başlayıram. Sənin sonunu da görəcəm..." məzmununda olub.

Məhkəmə iclasında zərərçəkmiş tərəfin nümayəndəsi də çıxış edib və Günel Qasımovaya ağır cəza kəsilməsini istəyib.

Günel Qasımovanın vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Günel Qasımova qətl törətməsinə etiraf etmir, özünü günahkar bilmir.(musavat.com)
скачать dle 12.1