“Erməni terroru beynəlxalq terrorçuluğun mühüm tərkib hissəsidir. Bu gün beynəlxalq terrorçular əlaqələndirilmiş, koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Beynəlxalq terrorizmin bu gün ən üzdə olan, ən dağıdıcı qruplarından biri də məhz erməni terror dəstələri, qruplaşmaları hesab olunur. Bu baxımdan ASALA kifayət qədər məşhurdur. Daşnaksutyun Partiyası da öz mahiyyəti və mənşəyi etibarilə terrorçu qruplaşmadır. Onlar Ermənistanda hakimiyyətdə olublar, bu gün də hakimiyyətə iddialıdırlar. Məsələ bundadır ki, əslində bu gün beynəlxalq terrorçuluğa qarşı mübarizə lazımi nəticələrə gətirib çıxarmayıb, səmərəli deyil. Yaxşı və pis terrorçu bölgüsü var. “Hər yerdə və hər zaman” prinsipi ilə terroçuluğa qarşı mübarizə aparılmır. “Əl-Qaidə, İŞİD pisdir”, amma eyni zamanda “ASALA, Daşnaksutyun pisdir” yanaşması yoxdur”.
 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, belə olan halda beynəlxalq terrorçuluğa qarşı mübarizə çətinləşir: “Ona qalib gəlmə imkanları son dərəcə məhdudlaşır. Beynəlxalq terrorçuluğa qarşı mübarizənin özündə ikili standartlar hökm sürməkdədir. Ona görə də bu gün erməni terroruna qarşı mübarizənin də səmərəlilik əmsalı kifayət qədər aşağıdır. Ermənistanda terrorçuluq dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladı, mahiyyətcə beynəlxalq terror əməli olan çoxsaylı addımlara imza atdı. Təkcə elə Xocalı soyqırımı erməni terrorçuluğunun ən mühüm göstəricisidir. Xocalı soyqırımı erməni terror cinayətidir”.
 
E.Nəsirov deyib ki, beynəlxalq terror əməlində eyni zamanda üç tərəf iştirak edir: “Onlardan birincisi təşkilatçılar, ikincisi icraçılar, üçüncüsü isə onun qurbanlarıdır. Nə qədər paradokslar səslənsə də, bütün digər cinayət növlərindən əsas fərqi bundadır ki, təşkilatçının və icraçının əsas hədəfi heç də qurbanlar deyil. Əsas hədəf sağ qalmış insanlardır. Yəni terroru elə dəhşətli, şiddətli, azğın formada həyata keçirmək istəyirlər ki, sağ qalmış insanlar vahimə içində olsunlar, ölkələri, şəhər və kəndləri tərk etsinlər. Bununla da ərazi ilhaqı baş versin. Xocalı da belə oldu. Xocalıda terror əməli törətdilər və əsas hədəf sağ qalmışlar idi. Xocalıda elə bir vəhşilik etdilər, qonşu rayonların əhalisi qoy bunu eşitsin, bilsin ki, ermənilər faşistdən də betərdirlər, nə qoca, nə qadın, nə də uşağa rəhm edirlər. Nəticədə rayonlar kəndlər boşalsın, torpaqların işğalı baş versin. Gördüyünüz kimi Ermənistanın hələ bir epizodda beynəlxalq terror əməlinə imza atdığını göstərdik”.
 
Deputat vurğulayıb ki, bu gün Azərbaycan dövləti, müvafiq dövlət qurumları bütün beynəlxalq tribunalardan, beynəlxalq kanallardan istifadə edib, Ermənistanın terrorçu dövlət mahiyyətini ifşa edir: “Amma nə edək ki, dünyanın özündə beynəlxalq terrora qarşı münasibətdə ikili standartlar var. Bunun nəticəsidir ki, bu gün erməni terrorunun da kökünü kəsmək çətinləşib. Qaregin Njde kimi faşistə, terrorçuya Ermənistanın paytaxtında 6 metr hündürlüyündə heykəl qoyurlarsa, onu qəhrəmanlaşdırır, xatirəsini əbədiləşdirirlərsə, dünya da buna göz yumursa, onda hansı halda biz neofaşizmə və terrora qalib gəlməkdən danışa bilərik? Günah sivil dünyanın özündədir ki, selektiv yanaşır – bir halda cinayətkara terrorçu deyir, başqa halda isə onu qəhrəmanlaşdırır. Belə ikili yanaşmalarla beynəlxalq terrorizmə qalib gəlmək çox müşkül məsələdir”.
скачать dle 12.1