“30 il bundan öncə erməni faşistləri Azərbaycan xalqına qarşı böyük hərbi cinayətə imza atıb, soyqırımı siyasəti həyata keçirib və bəşəri bir cinayət törədiblər. Bu cinayət bir daha Ermənistandakı hakimiyyətin əsl xislətini ortaya qoydu”. Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, faciənin üzərindən 30 il keçdikdən sonra bu günləri biz ilk dəfə böyük qürur hissi ilə qeyd edə bilərik ki, Xocalı qurbanlarının intiqamı alınmışdır: “Bu gün onların ruhu şaddır. Onlar erməni faşizminin çox dəhşətli cinayətinin qurbanına çevrilmişdilər. Xocalı qurbanları olan şəxslər günahsız insanlar olublar. Onlara qarşı hərbi cinayət törədilib. Bu cinayəti törədən Ermənistan və onun hərbi qüvvələri artıq ağ bayraq qaldırıblar. 10 mindən çox fərariləri var. Gec-tez ədalət öz yerini tapıb və tapmaqdadır”.
Deputat sözlərinə belə davam edib: “Xocalı soyqırımı eyni zamanda, beynəlxalq terror əməlidir. BMT-nin beynəlxalq terrorla bağlı bütün konvensiyalarında göstərilir ki, beynəlxalq terror əməlində eyni vaxtda 4 tərəf iştirak edir. Birinci təşkilatçı, ikinci onu icra edənlər, üçüncü onun qurbanları və dördüncüsü isə sağ qalmış insanlardır. Beynəlxalq terroru digər bütün cinayətlərdən fərqləndirən əsas xüsusiyyət odur ki, təşkilatçı və icraçının birbaşa hədəfi öldürdükləri deyil, sağ qalmış insanlardır. Bütün dünyada beynəlxalq terror əməli siyasi məzmun kəsb edir və Xocalıda baş verənlər də bunun tipik nümunəsidir.
Bu gün tam məsuliyyət hissi ilə qeyd etmək lazımdır ki, bütün dünya erməni terrorizminin iç üzünü gördü. Xüsusilə də cənab İlham Əliyevin həm Ali Baş Komandan kimi hərbi Zəfərə imza atması, həm mahir diplomat olaraq erməni vəhşiliklərini bütün dünyaya bəyan etməsi böyük addım idi.
Qoy, dünya bu məsələlərə bir daha qiymət versin və görsün ki, Azərbaycan 30 il ərzində terrorçu və faşist rejimi ilə üz-üzə qalmışdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. İşğaldan azad olunmuş bütün ərazilərimizin dirçəldilməsi şəhidlərimizin ruhunu daha da şad edəcək”.
скачать dle 12.1