Hər il tədris prosesi başlayanda rektorların təyinatı ilə bağlı müəyyən fikirlər səslənir. Bir çoxları rektorların seçki yolu ilə müəyyənləşməsinin vacibliyini vurğulayırlar. Onların fikrincə, bu yolla təhsildə daha böyük uğurlara imza atmaq mümkündür.
Maraqlıdır, əgər bu proses seçki yolu ilə tənzimlənsə, Azərbaycanda müəllim və tələbələr ən savadlı kadrın rektor olmasını təmin edə biləcəklər?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun keçmiş rektoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycandakı mövcud şəraiti nəzərə aldıqda rektorların Prezident tərəfindən təyin olunması daha məqsədəuyğundur:
“Bu proses ayrı-ayrı ölkələrdə müxtəlif formalarda tənzimlənir. Azərbaycana gəldikdə isə bu, Prezidentin sərəncamı ilə həyata keçirilir. Gələcəkdə bu məsələyə baxıla bilər. Bu gün Azərbaycanda təhsilə dövlət tərəfindən çox böyük diqqət və qayğı var. Son dövrlərdə universitetlərə rektorların təyin olunmasında çox mühüm irəliləyişlərə nail olunub. Yəni biz artıq görürük ki, yeni təyin olunan rektorlar arasında ciddi rəqabət gedir. Eyni zamanda bu rektorlar arasında kifayət qədər uğur qazananlar var. Bunu biz UNEC-in, ADA-nın timsalında görürük. Bu istiqamətdə hazırda rektorların seçilməsində kifayət qədər ciddi addımlar atılıb və bu gündən sonra da atılacaq.
Əlbəttə ki, biz öz tələbə və müəllimlərimizə güvənirik. İndi universitetlərdə ümumiyyətlə, kafedra rəhbərləri və dekanların seçimi biraz fərqli formada tənzimlənir. Bu səbəblə hesab edirəm ki, tələbələr də, müəllimlər də bu prosesdə aktiv şəkildə iştirak edə bilərlər”. 
Deputat bildirib ki, biz ilk əvvəl bu gün təhsildə əldə edilən uğurları davam etdirməli, daha böyük müvəffəqiyyətlər əldə etməliyik:
“Sonrakı dövrlərdə məsələyə baxıla bilər. Bu gün ancaq prioritet məsələlərdən biri təhsilin keyfiyyətinin, mahiyyətinin artırılmasıdır. Bu istiqamətdə müəyyən işlər gedir. Bir neçə gün əvvəl cənab Prezident də dedi ki, təhsil sahəsinə böyük maliyyə vəsaiti ayrılır. Növbəti illərdə əgər ehtiyac olarsa, sözügedən məsələ nəzərdən keçirilə bilər”.
Sayad HƏSƏNLİскачать dle 12.1