Son illərdə Azərbaycanda aparılan siyasətin biri də fikir və söz azadlığının inkişafı istiqamətindədir. Hətta bu istiqamətdə media sahəsində müəyyən qanun layihələri qəbul edilib. Sosial şəbəkələrin tənzimlənməsində mühüm addımlar atılır. Bununla belə, hələ də ölkəmizdə bu tip addımları fikir və söz azadlıqlarına müdaxilə kimi qiymətləndirən və bunu zəruri hesab etməyən şəxslər var. Bir insanın azad mühitdə yaşayıb, öz fikrini sərbəst şəkildə ifadə etməsindən isə gözəl heç nə ola bilməz.
Mövzu ilə bağlı danışan deputat Elman Nəsirov deyib ki, bu gün ağızdolusu demokratiya və insan haqlarından danışan dövlətlər, beynəlxalq təşkilatlar öz qeyri-demokratik davranışları ilə demokratiya sözünün çəkisini azaldıblar.
Onun sözlərinə görə, Azərbaycan inkişaf yolu seçmiş dövlətdir və bu siyasətin əsasını Ulu öndər Heydər Əliyev qoyub:
“Heydər Əliyev mətbuat üzərindəki senzuranı aradan qaldırmaqla, ölüm hökmünü ləğv etməklə, çoxpilləli məhkəmə sistemini yaratmaqla, sərbəst toplaşma haqqında qanun qəbul etməklə ölkəmizdə söz azadlığının təmin edilməsi üçün şərait yaratdı. Bu gün də ölkə prezidenti cənab İlham Əliyev həmin siyasəti davam etdirir. Əslində, demokratiya özü bir prosesdir. Demokratik inkişaf yolunda son nöqtə yoxdur. Hansı dövlət hesab etsə ki, demokratik inkişafın zirvə nöqtəsindədir, demək, yanlış yanaşır. O bir prosesdir və həmin prosesin müxtəlif mərhələlərini yaşayan dövlətlər var. Azərbaycan da həmin prosesin mühüm tərkib hissəsəsidir”.
E.Nəsirov deyib ki, Azərbaycan demokratik inkişaf yolu ilə gedir:

Elman Nəsirov
“Plüralizm bizim üçün əsas demokratiya elementlərindən biridir və ölkə prezidenti cənab İlham Əliyevin 2018-ci ilin aprel ayında növbəti dəfə prezident seçildikdən sonra ölkəmizdə geniş, hər tərəfli islahatlar həyata keçirilməyə başlandı ki, o da mahiyyət etibarilə ölkədə demokratik inkişafın mənafeyinə xidmət göstərir. Həm iqtisadi, həm siyasi sahədə, məhkəmə sistemində, ümumiyyətlə, bütün sferalarda həyata keçirilən bu islahatlar hər bir vətəndaşın həm rifahını təmin edir, həm də hüquq və azadlıqlarının təminatı üçün yeni imkanlar pəncərəsi açmış olur”.
Deputat təəssüf hissi ilə qeyd edib ki, demokratiyadan geniş şəkildə danışan siyasi dairələr bu məsələdə də selektiv seçim yolunu seçiblər:
“Bu və ya digər dövlətə təzyiq göstərmək, onun müstəqil inkişaf yolunun qarşısını almaq, özlərinə tabe vəziyyətə salmaq üçün demokratiyadan, insan haqlarından bir vasitə kimi istifadə edirlər. Azərbaycanı tənqid edən müəyyən xarici siyasi dairələr və onların bizim ölkə daxilindəki nümayəndələri Azərbaycanı sərbəst toplaşma və azadlığın olmamasında ittiham edirlər. Bu, kökündən yanlış yanaşmadır, bizdə qanun da var, Qaradağ rayonu ərazisində sərbəst toplaşmaq üçün yer də ayrılıb.
Qeyd edim ki, Qaradağ rayonu Bakının 12 rayonu arasında ən böyük rayondur ki, orada bütün şərait yaradılıb. Yetər ki, gedib öz mövqelərini orada ifadə etsinlər. Sadəcə, müxalifətin dərdi o deyil. Onların dərdi odur ki, onun sosial bazası yoxdur. Niyə israrla şəhərin mərkəzini tələb edirlər?! Ona görə ki, şəhərdə əhali çoxdur və həmin insanları mitinqə toplaşanlar kimi təqdim etmək istəyirlər. Sosial bazanız varsa, gedin, Qaradağda rahat şəkildə mitinq və toplantınızı keçirin”.
E.Nəsirov deyib ki, Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi demokratik inkişaf yolu ilə gedir və bu inkişaf yolu Azərbaycanda siyasi baxışlarına görə həbsləri inkar eləyir:
“Bizim əleyhimizə olanların ən çox səsləndirdiyi fikirlərdən biri də budur ki, guya ölkədə siyasi məhbus çoxdur. Azərbaycanda siyasi məhbus ola bilməz. Kimlərsə həbs edilə bilər, amma bunun da konkret səbəbləri var və bu, heç bir halda siyasi baxışla bağlı deyil, əksinə, konkret cinayət əməli ilə bağlıdır və dünyanın istənilən yerində də cinayət törətmiş şəxs cəzalandırılır”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: fikir, söz və məlumat azadlığının, plüralizmin inkişf etdirilməsi
скачать dle 12.1