Bu gün "Ağ Canavar" ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 28 qat dünya çempionu və bir çox titulların sahibi olan Eduard Məmmədovun doğum günüdür.
Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1993-cü ildən peşəkar kikboksinq ilə məşğuldur.
İlk qələbəsini 1995-ci ildə, Azərbaycanda keçirilmiş ilk çempionatda qazanıb. 1996–1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib.
Eduard Məmmədov 1997-ci ildə Azərbaycan Respublikasının idman ustası , 1999-cu ildə isə beynəlxalq dərəcəli idman ustası adını alıb.
2003-cü ildə Əməkdar idman ustası fəxri adına layiq görülüb. 5 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülüb. 1999-cu ildə İdman Akademiyasına daxil olub, 2004-cü ildə məzun olub.
Məşqçi fəaliyyətinə 2000-ci ildə başlayan kikboksçu, məhz həmin ildə ən parlaq və yaddaqalan qələbəsinə Yunanıstanda keçirilən dünya çempionatında imza atıb.
Beləliklə Eduard rəqibini 15 saniyəyə nokaut vəziyyətinə salaraq, növbəti dəfə dünya çempionu titulunu qazanıb. 2004-cü ildə Polis Akademiyasına daxil olub və 2008-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub. 2009-cu ildə Polis Akademiyasının "İdarəetmə" fakültəsində ixtisas artırma üçün daxil olmuşdur,2010-cu ildə məzun olub.
Ümumilikdə 3 ali təhsili var. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Vətən uğrunda" medalı ilə mükafatlandırılıb.
2007-ci ildə WAKO-PRO Intercontinental kəməri uğrunda peşəkar döyüşdə türk kikboksçu Şakir Kaymaza qalib gələrək kəmərə sahiblik edib.
Kəmərin müdafiəsi üçün 2009-cu ildə ispan kikboksçu Oskar Rueda ilə qarşılaşmada təkrar qalib gəlib.
Qeyd edək ki, idmançı WAKO-PRO versiya üzrə ən nüfuzlu interkontinental kəmərin sahibidir. 2009-cu ilin iyununda Eduard Məmmədov İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatını qazanaraq, Low Kick və K-1 bölmələrində 2 qızıl medal, oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatını, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatını qazanıb.
Bu nəticə bir il ərzində 3 dünya çempionatından medallar gətirmək dünya kikboksinq tarixində presedentsiz hal hesab olunur. 25 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə Fəxri Fərmanla təltif edilib.
2006, 2009, 2011 (noyabr ayının 23-də Buta Palace-da keçirilən tədbirdə) və 2014-cü ildə Eduard Məmmədov ilin ən yaxşı idmançısı adına layiq görülüb. 5 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülüb.
Idman sahəsində peşəkar olduğu kimi, polis karyerasında da uğurlara imza atan idmançı, hal-hazırda Daxili İşlər Nazirliyində işləyir. Polis polkovnik-leytenantı rütbəsini daşıyan Eduard Məmmədov öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb.
Hal-hazırda Milli Məclisin deputatı Adil Əliyevin başçılıq etdiyi Azərbaycan Kikboksinq Federasiyasının idmançısıdır. Daxili İşlər Nazirliyinin "Dinamo" Idman Cəmiyyətinin üzvüdür. Eduardın məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Çingiz Eyvazovdur.
Yarışlarda həm döyüşçü həm də məşqçi kimi iştirak edir. Onun tələbələri arasında dəfələrlə dünya və Avropa çempionu olmuş idmançılar var.
2016-cı ildə ləqəbi ilə eyni adı daşıyan "Ağ Canavar" şəxsi idman klubunun açılışını edib.
27 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Yubiley medalı" ilə təltif edilib.
26 oktyabr 2019-cu il tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən WAKO versiya üzrə Dünya çempionatında, WAKO versiya üzrə 7 dəfə dünya çempionu olmuş italyan rəqibi Spanu Giampaolo ilə final döyüşündə qalıb gəlmişdir. Beləliklə, Ağ Canavar WAKO versiya üzrə 4-cü, ümumi hesabla isə 24-cü dəfə Dünya çempionu tituluna sahib olub.
29 noyabr 2019-cu il tarixində Türkiyənin Antalya şəhərində keçirilən WAKO versiya üzrə Dünya çempionatında, WAKO versiya üzrə 7 dəfə dünya çempionu olmuş italyan rəqibi Spanu Giampaolo-nu 14 xal qabaqlayaraq final döyüşündə qalıb gəlib.
Eduard Məmmədov WAKO versiya üzrə 5-ci, ümumi hesabla isə 25-ci dəfə Dünya çempionu tituluna sahib olub.
5 mart 2020-ci il tarixində idman sahəsində 30 illik fəaliyyətləri və yüksək nəticələri nəzərə alınaraq,Gənclər və İdman Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülüb.
22 aprel 2021-ci il tarixində Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini və Milli Komandanın baş məşqçinin müavini vəzifəsinə təyin olunub.
15 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "DİNAMO" İdman Cəmiyyətinə Baş İnspektor vəzifəsinə təyin edilib.
21 oktyabr 2021-ci il tarixində Italyada keçirilən WAKO versiya üzrə Dünya çempionatında, Ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək final döyüşündə qalıb gəlmişdir. Eduard Məmmədov WAKO versiya üzrə 6-cı, ümumi hesabla isə 26-cı dəfə Dünya çempionu tituluna sahib olub.
скачать dle 12.1