"2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb: "İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar təxminən 9.2 faiz artırılacaq. Gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin məbləği Ermənistanın büdcəsinin ümumi xərclərindən daha çoxdur. 2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2.4 milyard dollarlıq sosial ayırmalarından 4.2 dəfə yaxın, Gürcüstanın 2.6 milyard dollarlıq sosial xərclərindən 3.8 dəfə çoxdur".