Gündəlik-Bakı 10 ilə yaxındır ki, MN-də baş verən korrupsiya  hallarından yazır…

Müdafiə Nazirliyinin  “JEK” rəisi Fikrət Mirzəyev həbs olundu, bəs…

MN-nin Maliyyə və Büdcə İdarəsinin rəisi, general Nizami Məmmədov həbs olundu, bəs ….

İki  gün öncə  Müdafiə  Nazirliyinin  Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev DTX-də davam edən cinayət işi üzrə saxlanılıb.
O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. Fikrət  Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Məlumat üçün qeyd edək ki, polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.
Bu faktı nə üçün xatırlatdıq..? 
Gündəlik-Bakı olaraq illər öncə  Müdafiə Nazirliyində baş verən  rüşvət və korrupsiya əməlləri ilə bağlı konkret olaraq faktlara söykənən  araşdırma yazıları dərc etmişik. 
Əlbəttə, biz  44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni faşistlərdən azad edən ordumuzla fəxr edirik, amma...
Əmması odur ki,  Gündəlik-Bakı  10 ilə yaxındır ki, Müdafiə  Nazirliyi  sistemində olan korrupsiya əməllərindən yazır. 
Biz bir media olaraq neçə illərdir yazırıq ki, Müdafiə Nazirliyinin  Mənzil İstismar İdarəsi  dövlətin hərbçilərimiz üçün ayırdığı milyonları  mənimsəyir, hərbçilər illərlə mənzil növbəsi gözləyir, amma orduya heç bir dəxli olmayan şəxslər mənzil alır...
Gündəlik-Bakı olaraq uzun illər barəsində  yazdığımız və  ciddi təhdidlərlə  üzləşdiyimiz  bəzi generallar  son vaxtlar  dalbadal həbs olunur. 
Biz Gündəlik-Bakı olaraq MN-nin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun,  onun müavini olmuş, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general  Nizam Osmanovun və general Xaqani Cəbrayılovun əməllərindən kifayət qədər yazmışıq. 
Son vaxtlar  haqqında  yazdığımız  yüksək rütbəli  hərbiçilər  ya ordudan uzaqlaşdırılır, ya da həbs olunurlar. 
Gündəlik-Bakı  bu şəxslər barəsində yazanda  bu şəxslərin barəsində yazmağa  ciddi  SENZURA  qoyulmuşdu. Amma biz  bir media olaraq yazırdıq...
Bəli, Müdafiə  Nazirliyinin  Mənzil İstismar İdarəsinin sabiq  rəisi Fikrət Mirzəyev  həbs olundu. 
Bəs, Fikrət Mirzəyevin “şefi”, MN-nin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general  Nizam Osmanov  niyə həbs olunmur ?
Axı,  Fikrət Mirzəyev Nizam Osmanovun icazəsi olmadan heç bir addım ata bilməzdi. 
Bəli, hərbçilərin mənzil problemi üçün dövlətin ayırdığı  milyonları mənimsəyən  Nizam Osmanov olub. Fikrət Mirzəyev isə  sadəcə, JEK rəisi olub. 
İndi necə olur ki, Fikrət Mirzəyev həbs olunur, Nizam Osmanov isə  nazir müavini, Baş idarənin rəisi vəzifəsində qalır..? 
Daha  bir  fakta nəzər salaq. 
Bir müddət  əvvəl   Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olundu. 
Və  general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanıldı. 
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami  Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi. 
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon  miqdarda mənimsəmədə təqsirləndirilir.
Biz  Gündəlik-Bakı olaraq  bu generallar barəsində illər öncə yazmışıq və  onların neqativ əməllərini ictimailəşdirmişik. Və buna görə bizə ciddi təzyiqlər olub. 
Bu gün də  həmin araşdırma yazılarımızı davam etdiririk. 
Və soruşuruq ki,  dövlətin müdafiə sisteminə ayırdığı  milyonları mənimsəyən general Xəqani Cəbrayılov  necə  azadlıqda ola bilər ? 
Aşağı  rütbəli  hərbçi  məmurlar  həbs olunur, amma onun rəhbəri  toxunulmaz  qalır...
Yaxud Gündəlik-Bakının neçə illərdir ki, yazdığı Rəşad Quliyev niyə cəzasız  qalmalıdır ? 
Söhbət Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubunun  ( MOİK ) sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyevdən gedir.
Bu adam MOİK-i uzun illər rüşvət və korrupsiya yuvasına çevirdi. 
Təsəvvür edirsiniz, bu hərbi hissədə qulluq etməyin qiyməti nə az, nə çox, 40-50 min arasında olub. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...və görün  Rəşad  Quliyev neçə milyonları qazanıb. 
Sözün qısası, Rəşad Quliyev  bu illər ərzində milyonlara sahib oldu. Sonradan onun vəzifəsi bir az da böyüdü və Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır.
Bu illər ərzində  Rəşad Quliyev qazandığı milyonlar hesabına milyonluq obyektlərə, mülklərə, bahalı mənzillərə, avtomobillərə sahib oldu. 
Rəşad  Quliyevin  Badamdar qəsəbəsində  10 milyon dəyəri olan “Olive Garden”  restoranı, villası var. 
Bəs, Rəşad  Quliyev niyə həbs olunmur ? 
Bir sözlə,  Gündəlik-Bakının  10 ilə  yaxındır ki,  apardığı mübarizə  öz nəticəsini verməkdədir. 
Düşünürük ki, yaxın zamanda  haqq-ədalət öz yerini tapacaq və  orudmuza  ziyan vuran bəzi “generallar”  layiq olduğu cəzanı alacaqlar. 
Qarşı tərəfin mövqeyini  dərc etməyə hazırıq. /Gundelik-baku.com/

скачать dle 12.1