
Ancaq bazar günü etiraz aksiyalarının bütün Belarusu bürüməsi və yüz minlərlə insanın aksiyalara qoşulması Putini şoka salıb. Müstəqil mənbələrin məlumatına görə Lukaşenkonun tələb etdiyi köməyin göndərilməsi ilə bağlı Kremldə aparılan müzakirələr nəticəsiz başa çatıb. Rusiya Prezident Adminstarsiyası rəhbərinin birinci müavini Sergey Kireyenkonun başçılıq etdiyi mötədillər qətiyyətlə Belarusa hərbi qüvvə göndərilməsinə qarşı çıxıblar. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi “qırğılar” isə Rusiyanın dəstəyi olmadan Lukaşenkonun hakimiyyətdə qala bilməyəcəyini əsas götürərək dərhal Belarusa məhdud hərbi qüvvə göndərilməsində təkid ediblər. Tərəflərin ortaq məxrəcə gələ bilməməsi və Putinin bazar günü Minskdə baş verənlərin təsiri altında şokda olması qərar qəbul edilməsinə imkan verməyib.

Patruşevə bağlı qrup isə “bu günün Belarusu sentyabrın Rusiyasıdır” fikirini dövriyəyə buraxaraq Putini qəti qərar qəbul etməyə sövq etməyə çalışırlar.
Müstəqil ekspertlər və politoloqlar da hesab edir ki, sentyabrda Rusiyada rejim əleyhinə çıxışlar başlayacaq. Bu mövqedə olanlar hesab edir ki, Belarusda baş verənlər olmadan da sentyabrda Rusiyada etiraz aksiyaları başlayacaq. Rusiyanın ən çox istinad olunan politoloqu professor Valeri Solovey Rusiyanı qarşıda “qaynar payız”ın gözlədiyini proqnozlaşdırır. Professor Valeri Solovey hesab edir ki, Rusiyada proseslər Belarusdan fərqli olaraq dinc məcrəda getməyəcək və dağıntılarla, çoxlu qan tökülməsi ilə müşaiyət olunacaq.
Bazar günü Başqırdıstanda baş verənlər professor Valeri Soloveyin proqnozlarının gercəkləşmə ehtimalının yüksək olduğundan xəbər verir.
Xaqani Cəfərli (aztoday.az)