“Kim ona qarşı hansı haqsız hərəkətə yol veribsə, mütləq şəkildə cavabını verməlidir”

Müğənni Ruhiyyə Əliyeva ilə tanınmış jurnalist Aynurə Pənahqızı arasında qalmaqal yaşandığı haqda məlumat vermişdik. Hurriyyet.info qeyd etmişdi ki, vaxtilə R.Əliyevanın saytına rəhbərlik edən A.Pənahqızı özünün “Facebook” səhifəsində müğənninin ünvanına kəskin ifadələr səsləndirib. Tanınmış bəstəkar, AYB-nin üzvü, “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinin rəhbəri Cəlal Qurbanov isə həmin paylaşımın altından yazdığı statuslarda dolayısı ilə müğənni Ruhi Əliyevanı onun barəsində sifarişlə yalan məlumat yazdırmaqda, qarayaxma kampaniyası təşkil etməkdə ittiham edib. Bəstəkarın sözlərinə görə, barəsində yalan məlumatlar yazan saytları məhkəməyə verib və artıq bir çoxu rəsmi qaydada üzrxahlıq edib.

Bəs digər məhkəmə qərarları nə yerdədir? Bu və digər suallara C.Qurbanovun vəkili Aysel Məhərrəmova əməkdaşımızla söhbətində aydınlıq gətirib. O bildirib ki, Cəlal Qurbanovun iddiası əsasında başlayan bir çox məhkəmə prosesləri udulub, hazırda ikinci mərhələdədirlər: “Cəlal Qurbanov və onun ailə üzvləri haqsız şəkildə qarayaxma kampaniyasına məruz qalıblar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, o və ailə üzvlərinin şəxsiyyəti ağır formada təhqir olunub, onların bütün məlumatları xarici trollara ötürülüb və xaricdə yaşayan müəyyən şəxslər tərəfindən Cəlal Qurbanov və ailə üzvlərinə ağır söyüşlər, təhqirlər, şər-böhtan yağdırılıb. Məsələn, guya o, şəhid ailələrinin adından istifadə edərək deputat olmaq istəyir. Və yaxud şəhid ailələri vasitəsilə özünə nüfuz qazanmaq istəyir və s.

Bu qarayaxma kampaniyası ilk olaraq müxtəlif saytlarda dərc etdirilən məqalələrlə başlamış, daha sonra, təəssüflər olsun ki, xaricdəki trollara şəxsi məlumatlar ötürülməklə Cəlal müəllim ağır formada söyüş videolarına məruz qalmışdır.

Biz də bununla əlaqədar müvafiq məhkəmə orqanlarına müraciət etdik. Cəlal müəllimin seçimi bu oldu ki, Azərbaycan məhkəmələrinə güvənir və haqq ədaləti öz məhkəməmizdə axtarmağa çalışır. Bizim Ali Məhkəmə səviyyəsində udulan işlərimiz var. Hazırda ikinci mərhələdəyik və iki işimiz davam etməkdədir.

İndiyə qədər Cəlal müəllim susmuşdu, belə deyək, bu şəxslərin bəlkə də müəyyən formada nəyisə dərk edərək ondan üzr istəmələrini və yaxud da öz haqsız hərəkətlərini geri çəkmələrini gözləyirdi. Amma, gördüyünüz kimi, bütün bunlar olmadığından, artıq Cəlal müəllim susmaq niyyətində deyil. Kim ona qarşı hansı haqsız hərəkətə yol veribsə, mütləq şəkildə cavabını verməlidir”.

Jalə FAMİLQIZI

Hurriyyet.info