Bu gün ölkə başçısı xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti ilə diqqət çəkən Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirib.


Bu tarixi hadisə ilə bağlı  açıqlama verən Respublika Veteranlar Birliyinin sədri, polkovnik Cəlil Xəlilov, Azərbaycan ordusunun bu uğurunun hərbi-siyasi və tarixi önəm kəsb etdiyini vurğulayıb:


“Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyətə hər kəsə bəllidir. Heç kimə sirr deyil ki, mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci ilin 8 may tarixində ermənilər tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda acı təəssüf, böyük kədər hissi doğurmuşdu.


Bu da bir faktdır ki, bütün bu müddət ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi faktı ilə barışmamış, işğaldakı bütün torpaqlarımıza, o cümlədən doğma Şuşanın azad ediləcəyinə dərin inam hissi bəsləmişdir. Sevindiricidir ki, bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi.


Şuşanın azad edilməsi hər şeydən öncə hərbi-strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Şuşanın azad olunması o deməkdir ki, ordumuz başda Xankəndə olmaqla ətrafdakı digər yaşayış məntəqələrinə də nəzarət edə biləcək, düşməni bu torpaqlarımızadan da çıxarmaq üçün Şuşanın üstün strateji mövqeyindən istifadə edə biləcəklər.


Əminəm ki, Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq. Çünki Şuşa həm I Qarabağ savaşı, həm də indiki Vətən Müharibəsi dönəmində müharibənin kilid nöqtəsi hesab edilirdi.  Ordumuz Şuşanı azad etməklə faktiki olaraq müharibənin taleyini böyük mənada həll etdi. Biz bundan sonra Ermənistanın daha böyük itkilər və daha acı məğlubiyyətlərlə üz-üzə qalacağına şahid olacağıq.


Mən Şuşanın azasd edilməsi münasibəti ilə ilk nöbədə şanlı ordumuzu və hörmətli Ali Baş Komandanımızı, o cümlədən bütün Azərnbaycan xalqını təbrik edirəm. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Ali Baş Komandanımıza, dövlətimizə verdiyi dəstəyin nəticəsidir ki, Şuşa Azərbaycan əsgərinin şücayəti nəticəsində işğaldan azad edildi. Əminəm ki, ordumuz qısa zamanda işğaldakı digər torpaqlarımızı da azad edərək ərazi bütövlüyümüzü tam təmin edəcək, erməni işğalını öz müzəffər yürüşü ilə sonlandıracaqdır”.

скачать dle 12.1