Yol polisi paytaxtda reyd keçirərək sərxoş sürücüləri aşkarlayıb. “Bakisesi.com”nun verdiyi xəbərə görə, tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib.

Kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan “Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Daha bir sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü isə Rəşid Behbudov küçəsində saxlanıldı. Sürücü Afəl Cəfərov “Opel” markalı nəqliyyat vasitəsini içkili halda idarə etmədiyi bildirsə də, müayinə zamanı onun da sərxoşluq dərəcəsi müəyyən edilib.

Tədbir zamanı Binəqədi rayonu ərazisində “Toyota” markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona “saxla” işarəsi verilib. Sürücünün müayinə zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

“BMW” markalı avtomobilin sürücüsü Arzu Nəsibov isə Yasamal rayonu “Mətbuat”, “Hüseyn Cavid” prospektlərində təhlükəli manevrlər etdiyi, piyadalara yol vermədiyi üçün yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini psixotrop maddələrin təsiri altında idarə etdiyi məlum olub. Sürücü barəsində qanunauyğun tədbir görülərək aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

Qeyd edək ki, sürücü Bəhruz Bayramov Vəkillər Kollegiyasının üzvüdür.
скачать dle 12.1