Prezident İlham Əliyevin nazirlərlə ötən gün videobağlantı formatında keçirdiyi iclasda verilən önəmli qərarlardan biri VÖEN-lə işləyən vətəndaşların iki faizlik vergi ödəmələrinin bir faizə endirilməsi oldu. Bu çox doğru yanaşmadır. Bütün bu qərarların postpandemiya dövründə qalıcı olması zəruridir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda irəli sürülən təklifləri şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət dünyanın bir çox inkişaf etmiş ölkələrinə nisbətən daha yaxşıdır:
“Hazırda virusa yoluxanların sayında ciddi bir artım yoxdur. Hətta son günlər sağalanların sayı yoluxanlardan daha çoxdur. Düşünürəm ki, mövcud vəziyyəti də nəzərə alsaq, Prezidentin çıxışında bəzi sahələrin addım-addım açılması təklifi yerində və doğru bir təklifdir. Çünki iqtisadiyyatı da tam dayandırmaq doğru deyil. Bu, sonradan daha ciddi fəsadlara yol aça bilər. Hazırda bu sahələrin hansılar olacağı tam bəlli deyil. Yəqin ki, bu barədə Operativ Qərargah məlumat paylaşacaq”.
Ekspert vurğulayıb ki, Prezidentin nitqində önəmli məsələlərdən biri də işsizliklə bağlı idi:
“Belə ki, ilkin olaraq 200 min işsiz vətəndaşa iki ay müddətində 190 manat məbləğində birdəfəlik yardım nəzərdə tutulmuşdu. Ancaq hazırda bu məsələ ilə bağlı vətəndaşların müraciətində artım müşahidə olunur. Çünki işini itirən insanların sayı kifayət qədər çoxdur. Buna görə də Prezident bu rəqəmi 600 minə qədər artırdı. Yardım ediləcək vətəndaşların sayının üç dəfə artırılması çox ciddi qərardır”.
N.Cəfərli qeyd edib ki, Prezident bəzi vergilərin azaldılması təklifini də məqbul saydı:
“İclas zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov əmlak vergisinin iki dəfə aşağı salınmasını təklif etdi. Prezident bu təklifləri məqbul saydı. Mahiyyət etibarilə bu da çox ciddi bir təklifdir. Bu günə qədər fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsi 14 faiz idi, indi 7 faizə salındı. Bu qərar icarədarlarla icarə verənlər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində mühüm rol oynaya bilər”.скачать dle 12.1