“Qanunvericiləyə dəyişiklik edilib, korrupsionerlərə qarşı hətta ölüm cəzası tətbiq edilməlidir. Müxalifət dəstək verməzsə, cəzalar sərtləşdirilməzsə, korrupsiyaya qarşı mübarizə lazımi effekti verməyəcək.”
Bunu “Ölkə.Az”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Azərbaycanda korrupsiyaya qarşı başladılan mübarizəni təqdir edirik. Bu dövlətin möhkəmləndirilməsi, idarəetmənin sağlamlaşdırılması, xalqla hakimiyyət arasında münasibətlərin gücləndirilməsi baxımından çox vacibdir”- S.Cəlaloğlu deyib.
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə kampaniya xarakterli deyil olmamalıdır. ”Çünki korrupsiya bu gün cəmiyyətimizin total bir bəlası olduğundan buna qarşı mübarizə davamlı, ardıcıl olmalı və sistemli xarakter almalıdır. Əks təqdirdə bu öz nəticəsini verməyəcək”- ADP sədri bildirib. S. Cəlaloğlu onu da deyib ki, bu gün həyata keçirilən əməliyyatlar zamanı təkcə saxlanılan şəxslər deyil, onlara havadarlıq, himayə edənlər, korrpusiyadan pay verdiyi məsul şəxslər də məsuliyyətə cəlb olunub, cəzalandırılmalıdır.
“Ümumiyyətlə korrupsiyaya qarşı mübarizə kompleks xarakter daşımalıdır. Burada kadr siaysətindən tutmuş, idarəetmənin şəffaflaşdırılmasınadək məsələlər kompleks olaraq həyata keçirilməlidir. Burada məmurların gəlir bəyannaməsi, əmlak məsələsi və sairlər əksini tapmalıdır. Sistemli və əhatəli formada mübarizə öz müsbət nəticəsini verə bilər”- ADP sədri bildirib. O əlavə edib ki, korrupsiyaya qarşı mübarizə digər yerli və mərkəzi icra hakimiyəti orqanlarında da davam etdirilməlidir. ADP sədri hakimiyyətə təklif edib ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazasına yenidən baxılıb təkmilləşdirilməlidir. “Korrupsiyaya yol verən insanlara qarşı cəzalar sərtləşdirilməlidir. Hətta ölüm cəzasına qədər cəzalar sərtləşdirilməlidir. Yoxsa, korrupsiyaya qarşı baş cür effektli mübarizə aparmaq çətindir”. S. Cəlaloğlu hesab edir ki, Azərbaycan müxalifəti Prezident İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə mütləq formada hərtərəfli dəstək verməlidir. “Əgər biz ölkədə korrupsiyanın kökünün kəsilməsini istəyiriksə və başladılan prosesin yarımçıq qalmasını istəmiriksə, o zaman müxalifət olaraq mütləq Prezident İlham Əliyevə dəstək verməli və lazım gələrsə əməkdaşlıq etməlidir. Bunun başqa yolu yoxdur. Ölkə başçısı da bilməlidir ki, bu məsələdə ölkədəki mövqeyindən asılı olmayaraq bütün siyasi qüvvələr eyni mövqedən çıxış edirlər. Bu məsələdə hər hansı siyasi qüvvə öz korporativ, maddi marağı üçün sui-istifadə edib faydalanmayacaq. Hansısa korrupsioner məmura qahmar çıxmayacaq, onu dolayısı ilə müdafiə etməyəcək. Prosesə əngəl olmayacaq. Ona görə də hakimiyyət birmənalı şəkildə bilməlidir ki, müxalifət də korrupsiyaya qarşı mübarizədə onunla bərabərdir və dəstəkləyir. O zaman aparılan mübarizə öz müsbət nəticəsini verəcək və proses yarımçıq qalmayacaq. Odur ki, müxalifət mütləq hakimiyyətə bu məsələdə ciddi dəstək verməlidir. Əks təqdirdə cəmiyyət yenə də korrupsiyadan indiyədək olduğu kimi, bundan sonra da əziyyət çəkəcək”.скачать dle 12.1