“Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 21-də işğal altındakı Şuşaya gəlişi və bu şəhərdə Dağlıq Qarabağın yeni seçilən “prezidenti” Araik Aratunyunanın andiçmə mərasiminin keçirilməsi müharibəyə dəvətdir”.
Bunu Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın işğal olunmuş Şuşa şəhərində keçirilən qondarma "andiçmə mərasimi” məsələsinə şərh verərkən deyib.
Onun sözlərinə görə, son tədbir erməni separatçılarının və Baş nazir Nikol Paşinyanın təxribatı idi:
“Çünki ötən illərdə də Dağlıq Qarabağda “prezidentin” andiçmə mərasimi keçirilirdi və bu tədbirlər ermənilərin yaşadığı Xankəndidə keçirilirdi. Bu dəfə isə “andiçmə mərasimini” Şuşada keçirdilər. Halbuki beynəlxalq vasitəçilərin hazırladığı bütün həll planlarına görə, Şuşa boşaldılmalı və azərbaycanlılara qaytarılmalıdır.
Nikol Paşinyanın “andiçmə” mərasimini Şuşada keçirməkdə iki məqsədi vardı. Birinci məqsəd erməni separatçılarının Şuşanı Dağlıq Qarabağın paytaxtı etmək istəyi, ikinci məqsəd isə erməni separatçılarının Şuşanı azərbaycanlılara qaytarmayacaqlarını göstərmələri ilə bağlıdır.
Nikol Paşinyan hər açıqlamasında bildirir ki, Azərbaycanla müharibənin əleyhinədir və Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir. Ancaq Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır. Çünki ermənilərin təxribatlarına uzun müddət dözməyin də bir limiti var. Nikol Paşinyan mayın 21-də “Pandora qutusunu” açdı. Azərbaycan cəmiyyəti hakimiyyətdən mayın 21-də Şuşada tədbir keçirən ermənilərə qarşı ciddi tədbirlər görməyi tələb etdi. Sosial şəbəkələrdə, hətta “Şuşanı vurun!” təbliğatı aparıldı. Əlbəttə ki, müharibənin riskləri var. Ancaq bu risklər Azərbaycanı qətiyyətli addımlardan çəkindirməməlidir. Digər tərəfdən ermənilər Şuşada tədbir keçirəndə həm də onu düşünüblər ki, bölgədə koronavirus yayıldığı dövrdə Azərbaycan müharibəyə başlamayacaq. Hesab edirəm ki, onların bu düşüncələrinin yanlış olduğunu elə onların özünə sübut etməliyik”.
Politoloq qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi təkrarlanan bəyanatlarından birini yaydı. Növbəti bəyanat cəmiyyəti məmnun etmədi:
“Çünki XİN-nin bəyanatları təkrarlanır, bu isə münaqişənin həllini yaxınlaşdırmır. Azərbaycan cəmiyyətində belə fikir var ki, hazırki dövrdə söz sahibi Xarici İşlər Nazirliyi deyil, Müdafiə Nazirliyi olmalıdır. Azərbaycan ordusu bu günlərdə genişmiqyaslı təlimlər keçirir. Görünür, Azərbaycanın hakimiyyət dəhlizlərində düşünüblər ki, bu hərbi təlimlər Nikol Paşinyanı Şuşada “andiçmə mərasimi” keçirməkdən yayındırmalı idi.
Ancaq bu Paşinyanın və Xankəndidəki separatçıların planlarına mane olmadı. Onu da deyim ki, Azərbaycan Dağlıq Qarabağın yollarına nəzarət edə bilmir. Buna baxmayaraq, Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarabağın səmasına nəzarət edə bilər. Hərbi təyyalərin Dağlıq Qarabağ səmasında mütəmadi uçuşları erməni separatçılarına¸ Ermənistan hakimiyyətinə, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinə ciddi xəbərdarlıq olar. Erməni separatçıları Azərbaycanın hərbi təyyarəsini vursalar, bu müharibənin başlanmasına şərait yaradacaq. Azərbaycan cəmiyyətində belə bir fikir var ki, Ermənistan rəsmilərinin helikopterlə Dağlıq Qarabağa gəlişlərinin qarşısı alınmalıdır”.
Həmsədrlərin də, yəni Rusiya, ABŞ və Fransanın Ermənistan hakimiyyətini təxribatlardan çəkindirmədiklərini deyən Elxan Şahinoğlu Azərbaycan Xarici İşlər Nazirliyinin vasitəçilərə ən azı iki sual verməli olduğunu bildirib:
“1) Həmsədrlər Ermənistan hakimiyyətinin işğal altındakı Şuşada keçirilən tədbiri haqqında nə düşünürlər?
2) Erməni separatçıları həmsədrlərin hazırladıqları planların əksinə olaraq Şuşada, Kəlbəcərdə və Laçında məskulaşdırma siyasətinin qarşısını niyə almırlar? Axı bütün həll planlarına görə bu bölgələr boşaldılmalıdır.
Bu suallara cavab yoxdur. Bu şəraitdə danışıqlara ehtiyac qalmır. Ermənistan hakimiyətinin təxribatları fonunda ya danışıqlara ara verilməli, ya da ümumiyyətlə danışıqlardan imtina edilməlidir. Bu Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ciddi mesajı olar. Azərbaycan cəmiyyəti hakimiyyətdən erməni separatçılarına qarşı radikal addımlar atılmasını gözləyir”.
скачать dle 12.1