“Rusiya Müdafiə Nazirliyinin Ukraynaya humanitar yardım göstərməsi kontekstində “Dağlıq Qarabağ” ifadəsini işlətməsi yolverilməz və qəbuledilməzdir. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur”. 

Bu fikirləri açıqlamasında millət vəkili Elman Nəsirov qeyd edib.

Belə ki, Prezident İlham Əliyevin müfaviq fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını qeyd edən deputat ölkə başçısının ən yüksək tribunalardan Azərbaycanın inzibati ərazi vahidlərinə mövqe bildirərkən məhz bu adlardan istifadə edilməsi ilə bağlı fikirlərinə istinad edib.

“Amma təəssüf hissi ilə qeyd edirik ki, Müdafiə Nazirliyi öz köhnə ampluasındadır və yenə də belə ifadələr işlətməyə davam edirlər. Sonuncu da Ukraynada baş verən hadisələrə münasibətdə ifadə olunub”, - deyə Elman Nəsirov vurğulayıb. 

Millət vəkili bu cür yanaşmanın Rusiya hökumətinin imza atdığı sənədlərə uyğun olmadığına da diqqət çəkib:

“Bu yanaşma tərzi heç şübhəsiz ki, Azərbaycanla Rusiya arasında formalaşmış münasibətlərin nə bu gününə, nə də perspektivinə xidmət etməyən bir mövqedir. Çünki hər iki dövlət qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini qəbul ediblər.
 
Fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı imzalanmış məlum bəyanatın da birinci maddəsi məhz bu məsələlərə həsr olunub.
Belə olan halda Rusiya Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ” ifadəsini işlətməsi və onu xüsusi ərazi vahidi kimi göstərməsi, təbii ki, Azərbaycanın suverenliyi ilə bağlı məsələlərdə anlaşılmaz mövqedir və Rusiyanın imza atdığı sənədlərin ruhuna, məzmununa daban-dabana ziddir”. 

Elman Nəsirov Azərbaycan Müdafiə Nazirliyinin rusiyalı həmkarlarına cavabından da danışıb:

“Azərbaycan Müdafiə Nazirliyi də bu məsələyə mövqe ifadə edib və rusiyalı həmkarlarının bu yalnışlığına son qoyulması tələbini irəli sürüb. Bu nəticə etibarılə həm də Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə də kölgə salır. Bu cür addımlar müəyyən mənada insanlarda da inamsızlıq yaradır və etimadsızlıq mühiti formalaşdırır.
 
Buna qətiyyən yol vermək olmaz. Çünki Azərbaycan və Rusiya dövlətləri münasibətlərini ən ali – müttəfiqlik səviyyəsinə qaldırıblar”. 
“Bu reallıqda bu nə addımdır, Rusiya Müdafiə Nazirliyi niyə bu cür xətalara yol verir?”, kimi suallar bu gün çox aktualdır və Azərbaycan MN-də bu məsələlərlə bağlı mövqe ortaya qoyub ki, Rusiya MN bu cür xətalara yol verməsin, belə anlaşılmaz addımlar atmasın”, - deyə Elman Nəsirov fikirlərini yekunlaşdırıb.скачать dle 12.1