Rusiya Müdafiə Nazirliyi, ABŞ Departamenti, Yunanıstan daxil olmaqla bir sıra Avropa ölkələri bəyanat yayaraq, Azərbaycan ordusunu tutduğu mövqelərdən geri çəkilməyə çağırıblar. Hətta bu dövlətlər öz bəyanatlarında həyasızcasına Dağlıq Qarabağı ayrıca inzibati-ərazi vahidi kimi göstəriblər.
Ukraynada müharibənin getdiyi dövrdə bir-birinə düşmən olan və təhdid edən Rusiya və Qərb nədənsə Qarabağ məsələsində fərqli mövqe ortalığa qoyurlar. Maraqlıdır ki, Moldovanın, Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən və bu ölkələrdə separatçıları təhlükə hesab edən Qərb rəsmiləri Qarabağda erməni separatçılarının xeyrinə ifadələr işlədirlər. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik nümayiş etdirməkdən belə çəkinmirlər.

Azərbaycan ordusunun Xocalının Fərrux kəndində əməliyyatını ölkəmizin ərazi bütövlüyünün bərpasında növbəti uğurlu addım hesab edən Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr şöbəsinin üzvü Elman Nəsirov Ednews-a açıqlamasında ABŞ və Avropa ölkələrinin Ermənistanın yanında yer almalarından təəssüfləndiyini qeyd edib.
“ABŞ, Avropa İttifaqı və Rusiya Azərbaycan hərbiçilərinin Qarabağda son qanuni addımlarından narahatlıq keçirirlər. Hamısı ölkəmizə qarşı qəbul olunmaz və sərt ifadələr işlədirlər. Halbuki onların hərəkətləri beynəlxalq hüquqa da ziddir. Lakin burada diqqət çəkən bir məsələ var. Son bir ayda gedən Ukrayna müharibəsinə görə, ABŞ, Avropa və Rusiya bir-birlərinə qarşı faktiki düşmən olublar. ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini hərbi cinayətkar adlandırıb. Bu dünya praktikasında nadir rast gəlinən bir hadisədir. Rusiya-ABŞ münasibətləri artıq düşmənçilik səviyyəsindədir”.
Söhbət zamanı Elman Nəsirov Rusiya və Qərbin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinin və regionda yeni reallıqları qəbul etməsinin vacibliyini vurğulayıb.
“Bu gün dünyanın taleyini həll etmək iddiasında olan böyük və güclü dövlətlər ədalətsiz mövqe nümayiş etdirirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək əvəzinə təcavüzkar Ermənistanı dəstəkləyirlər. Rusiya Müdafiə Nazirliyinin bəyanatında Dağlıq Qarabağ ifadəsinin işlədilməsi hüquqi cəhətdən qəbul edilməzdir. 2021-ci ilin iyulun 7 - də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Dağlıq Qarabağ inzibati ərazi vahidi ləğv olunaraq, Qarabağ iqtisadi və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Cənab Prezident, hətta dəfələrlə beynəlxalq ictimaiyyətə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağırıb. Amma görürük ki, Rusiya ölkəmizin siyasətinə hörmətsizlik edir və erməni separatçılarını dəstəkləyir. Bununla bərabər, Rusiya Müdafiə Nazirliyi Azərbaycan ordusunun Fərrux kəndindən geri çəkilməsi barədə yalan məlumatlar yayır”.
Sonda E.Nəsirov ATƏT-nin Minsk qrupunun buraxılmasını məsləhət görüb.
“Ukrayna müharibəsi Rusiya və Qərb ölkələrini bir-birinə qarşı düşmən edib. Belə olan vəziyyətdə Minsk qrupunun həmsədr ölkələrinin birlikdə gələcək fəaliyyət göstərməsi mümkün deyil. Bir-birini təhdid edən ABŞ, Fransa və Rusiya post münaqişə dövrünün məsələlərini həll etmək iqtidarında deyil. Minsk qrupunun özünü buraxmaqdan başqa yolu yoxdur. Onların ilk növbədə öz aralarında olan problemləri həll etməsi məsləhətlidir”.