Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, danışıqlar prosesində humanitar məsələlər də diqqət mərkəzində saxlanılıb: “Bunlar minadan təmizləmə prosesi və itkin düşülmüş şəxslərin taleyi ilə bağlı məsələlərdir. Azərbaycanın bu məsələlərlə bağlı mövqeyi bəllidir. Cənab Prezident dəfələrlə qeyd edib ki, Ermənistan tərəfi minalarla bağlı bizə xəritələr təqdim edib, amma onların dəqiqlik göstəricisi 25 faizə yaxındır, yəni bu məsələlərə aydınlıq gətirilməlidir. Eyni zamanda Birinci Qarabağ müharibəsində 4000 yaxın soydaşımızın taleyi ilə bağlı Ermənistan tərəfi Azərbaycana açıqlama vermir. Danışıqlar prosesində ən çox müzakirə olunan məsələlərdən biri də iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesin işlək vəziyyətə keçididir. Əvvəlki görüşlərdə bu istiqamətdə ilkin razılaşmalar əldə edilib. Bu dəfəki Brüssel görüşü zamanı əldə edilmiş razılığa görə də yaxın zamanlarda hər iki ölkənin komissiyaları sərhəddə birgə görüş keçirəcəklər və sərhədlərin delimitasiyası, eyni zamanda sərhəddə sabitliyin təyin olunması ilə bağlı mexanizmləri müzakirə edib müəyyən qərarlar qəbul edəcəklər. Danışıqlarda yer alan ən mühüm məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bərpası və bu məzmunda Zəngəzur dəhlizinin işə salınması ilə bağlı məsələlərdir. Sayca üçüncü olan bu görüşündə əldə edilmiş razılaşamaya görə bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək və konkret əməli addımların atılması ilə də bağlı razılaşma əldə olunub. Bu danışıqlarda həm də iki ölkə arasında ümumi gömrük prinsiplərinin müəyyən edilməsi ilə bağlı məsələlər də müzakirələr gedib. Əlbəttə ki, bütün bu prosesin, danışıqların məntiqi nəticəsi olaraq sülh müqaviləsinin imzalanması strateji hədəfdir. Tərəflər razılıq əldə ediblər ki, bundan sonra da aparılan intenstiv danışıqlar prosesində həmin hədəfə nail olunması üçün daha ciddi addımlar atılacaq və böyük sülh sazişinin imzalanması üçün münbit şəraitin təmin edilməsi naminə proseslər daha da sürətləndiriləcək. Bütün bunların fonundan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlərdə, təbii ki, Avropa İttifaqının artan rolu diqqətdən yayınmır və Aİ üzərinə götürüb ki, sülh müqaviləsinin imzalanması, xüsusilə də iki dövlət, xalqın arasında etimad mühitinin formalaşması üçün rəsmi Brüssel də əlindən gələni səfərbər edib bu istiqamətdə yardımını göstərəcək. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, Brüssel görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində növbəti addımdır və ümumilikdə bunu Azərbaycan prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin diplomatiyasının uğuru kimi də dəyərləndirilə bilər”.