"Dünən keçirilən Brüssel görüşü 5 saata qədər davam edib və kifayət qədər əhatəli müzakirələrlə yadda qalıb".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı görüşü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel təşkil edib:
"Burada bir çox prinsipial məsələlər üzrə razılığın əldə olunması qeyd olunur. Bu danışıqlar prosesinin əhəmiyyətli məqamlarından birincisi onunla bağlıdır ki, danışıqlar sırasında və əldə edilmiş razılaşmalar prosesində heç bir halda "Dağlıq Qarabağ" ifadəsi işlədilmir. Bunun isə çox böyük siyasi mənası və çəkisi var. Ermənistan əvvəllər "Dağlıq Qarabağ" ifadəsi işlədirdi, eyni zamanda onun müstəqilliyindən bəhs edirdi. İndiki halda isə yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi, hüquqları dilə gətirilir, onlar müzakirə olunur. Azərbaycan dövləti, siyasi rəhbərliyi də dəfələrlə vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir, ermənilər də, digər etnoslar kimi, eyni hüquqlara malikdirlər. Bu bizim prinsipial mövqeyimizdir.
Danışıqlar prosesində, təbii ki, humanitar məsələlər də diqqət mərkəzində saxlanılıb. Minadan təmizlənmə və itkin düşmüş şəxslərin taleyi də çox ciddi şəkildə müzakirə olunub. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Ermənistan tərəfi minalarla bağlı bizə xəritələr təqdim edib, amma onların dəqiqlik göstəricisi 25 faizə yaxındır. Yəni bu məsələlərə də bir aydınlıq gətirilməlidir. Eyni zamanda 4000-ə qədər soydaşımızın birinci Qarabağ müharibəsində taleyi ilə bağlı Ermənistan açıqlama vermir, bu da çox ciddi müzakirə predmetidir.
Bundan əlavə, bu iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı prosesin işlək vəziyyətə keçməsi də bir başqa mövzudur. Əvvəlki görüşlərdə bu istiqamətdə ilkin razılaşmalar əldə edilib. Budəfəki Brüssel görüşündə də əldə edilmiş razılığa görə, lap yaxın zamanlarda hər iki ölkənin komissiyaları sərhəddə birgə görüş keçirəcəklər, burada sabitliyin təmin edilməsi ilə bağlı mexanizmləri müzakirə edib müəyyən qərarlar qəbul edəcəklər.
Ən mühüm məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bərpası və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınmasıdır. Keçirilən 3-cü Brüssel görüşündə əldə edilmiş razılaşmaya görə, bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək, konkret əməli addımlar atılacaq.
Bu danışıqlar prosesində həm də iki ölkə arasında ümumi gömrük prinsiplərinin müəyyən edilməsi ilə bağlı müzakirələr gedib.
Nəhayət, bütün bu prosesin məntiqi nəticəsi olaraq sülh müqaviləsi imzalanması strateji hədəfdir. Tərəflər razılıq əldə ediblər ki, bundan sonra da aparılan intensiv danışıqlar prosesində həmin hədəfə nail olunması üçün daha ciddi addımlar atılacaq və böyük sülh sazişinin imzalanması üçün münbit şəraitin təmin edilməsi naminə proseslər daha da sürətləndiriləcək. Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlərdə, təbii ki, Avropa İttifaqının artan rolu diqqətdən yayınmır. Avropa İttifaqı üzərinə götürüb ki, sülh müqaviləsi imzalanması, xüsusilə də iki dövlətin, xalqın arasındakı etimad mühitinin formalaşması üçün rəsmi Brüssel də əlindən gələn imkanları səfərbər edib, bu istiqamətdə yardımını göstərəcək.
Bütün bunları nəzərə alıb söyləmək olar ki, Brüssel görüşü Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması itiqamətində növbəti addımdır və Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizin diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər".скачать dle 12.1