"Məqsədimiz odur ki, Silahlı Qüvvələrimizdə xidmət edən əsgərlərimiz də bu idman növü ilə məşğul olsunlar"
BAKİSESİ.COM xəbər verir ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü general -mayor Natiq Əliyev bu gün Bakıda düzənlənən Avropa Universal Döyüş Federasiyasının Konqresinin seçki mərhələsində qurumun prezidenti seçilib.

Avropa Universal Döyüş Federasiyasının vitse-prezidenti vəzifəsinə Akirbekov Yaşarbek və  İvan Tanyev seçilib. Federasiyanın baş katibi vəzifəsinə isə Aydın Abdullazadə seçilib. Konqresdə federasiyanın Latviya, Litva, Estoniya, Rusiya, Bolqariya, Türkiyə, Ukrayna icra nümayəndələri iştirak edib.

Avropa Universal Döyüş Federasiyasının prezidenti general-mayor Natiq Əliyev çıxışında universal döyüş növünün ölkəmizdə inkişafından danışıb:

“Bizə göstərilən bu etimad əlbəttə ki, dövlətimizə, cənab prezidentimizə olan etimaddır. Azərbaycan nümayəndələri bu və ya digər beynəlxalq federasiyalarda təmsil olunurlar. 1997-ci ildə möhtərəm cənab prezident Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bu idman sahəsi daha sürətli inkişaf edib və onun nüfuzuna görə Azərbaycan idmanı artıq dünya idman ailəsinin ən layiqli üzvü olmaqla bərabər, Azərbaycan dünya idman mərkəzlərindən birinə çevrilib. Son illər Azərbaycan nümayəndələri artıq müxtəlif Avropa və Dünya Federasiyalarının rəhbər heyətlərinə seçiliblər. O cümlədən, bizim Milli Olimpiya Komitəsinin vitse-prezidenti, üç qat dünya çempionu Həzrət İsayev bir müddət öncə Ədalətli Oyunlar Beynəlxalq təşkilatının rəhbər heyətinə seçilib. Bizim Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbov Avropa Gimnastika Federasiyasının rəhbəri seçilib. Bu uğurlar göstərir ki, Azərbaycan dünyada ən nüfuzlu idman ölkələrindən biridir və bu gün o dünyanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan Universal Döyüş Federasiyası 1999-cu ildən Azərbaycanda təsis olunub və dərhal bu idman növü ölkəmizdə inkişaf etməyə başladı. Artıq bütün rayonlarımızda bizim federasiyanın klubları var və yüzlərlə gənc bu idman növü ilə məşğul olur. Artıq Dünya və Avropa çempionatlarında idmançılarımız ən yüksək titulları qazanıblar. Bir sıra Avropa və Dünya çempionatları Bakı şəhəri və rayonlarda keçirilib. Azərbaycan Universal Döyüş Federasiyası dövlət qayğısını  Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən həmişə hiss edir. Digər idman növləri kimi Universal Döyüş Federasiyasının idmançıları tam olaraq dövlət qayğısı ilə təmin olunublar. Cənab prezidentin söylədiyi kimi məqsədimiz Beynəlxalq Hərbi İdman Şurasına daxil olmaq və Azərbaycanımızı layiqincə təmsil etməkdir. Azərbaycanda fəaliyyət göstərən bütün güc strukturlarında çalışmışıq ki, bu idman növünü tətbiq edək və buna nail də olmuşuq. Məqsədimiz odur ki, Silahlı Qüvvələrimizdə xidmət edən əsgərlərimiz də bu idman növü ilə məşğul olsunlar, çünki güclü ordumuzun, güclü əsgərləri olmalıdır. Ermənistan tərəfindən işğal olunan iyirmi faiz torpaqlarımızı biz belə güclü əsgərlərimizlə azad edəcəyik”.






скачать dle 12.1