Bayramların hüznlü və qürurlu ünvanı şəhid ocaqlarında dünyaya övlad gətirib, cənnətə çiçək yetişdirən analar və atalar var.  Acılarını vətən sevgisi içində əridənlərin yanan ürəklərinə,  bayramımızı bayram edən şəhid ocaqlarına az da olsa su çiləmək, qəlblərinə məlhəm olmaq üçün “Mənim oğlum qəhrəmandır” layihəsinin kollektivi daim o ana və atalara az da olsa qol-qanad olmağa çalışır. Elə milliliyimizin və birliyimizin rəmzi Novruz bayramında da o dəyərli ünvanlardan birinin,  onların timsalında isə xəyalən hər birinin qapısını döydük.  “Zəfərimizin Qadın Qəhrəmanları”ndan biri, şəhid analarının anası, yetişdirdiyi övladı Vətənimizə, duaları isə üzərimizə daim mayak olan, gözü yaşlı, başı dik, onurlu və qürurlu bir qəhrəman anası Səmayə ananı da bu bayramda ziyarət etməyi özümüzə bir hərbi and kimi qəbul etdik. “Qalib Ordunun qəhrəman generalından tutmuş cəsur əsgərlərinədək vətən uğrunda şəhadətə yüksələn fədailərimizin belə məğrur anaları var olduqca hələ neçə-neçə Poladların, Mübarizlərin yetişəcəyi hər kəsə bəllidir.  Söhbətinə, qonaqpərvərliyinə və o analığına doymadığımız Səmayə anamızım timsalında bütün şəhid analarını, həmçinin cəfakar, varlığı nemət, duası bərəkət, sağlığı isə arxa dayaq olan şəhid atalarımızı da təbrik edərək, onların dualarının kölgəsində hər daim iftixarla və başıuca gəzəcəyimizdən əmin olduq. Dua edir və inanırıq ki, Səmayə anamızın timsalında bütün fədakar şəhid analarımızın , Vətəni “Ata” bilən övladlarımızın və şəhadətə yürüyən övladını “Vətən” bilən atalarımızın həyatına da bu Novruz sadəcə təsəlli deyil, xoş ovqat və ümid gətirəcək.”  Ana vətəndə, ata evlərində sayğıyla ziyarət etdiyimiz şəhid böyüklərinin əllərindən öpür, atam, ailəm və şəxsən öz adımdan hər birini bir daha təbrik edirik. Bayramınız mübarək, bizə əsl bayramı yaşadanları yetişdirənlər!
Hörmət, sayğı və sevgiylə Sizin oğlunuz Cəlal Qurbanov!скачать dle 12.1