Vətən müharibəmizin növbəti şəhid qəhrəmanı Əliyev Abbas Salam oğlu ilə bağlı oxucularımızı məlumatlandırırıq.
 
Moderator.az şəhidlərimizlə bağlı silsilə yazılarına davam edir. Bu dəfə sizə şəhid A.Əliyevin döyüş yolundan bəhs edəcəyik.

Əliyev Abbas Salam oğlu 1988-ci il yanvarın 9-da Bakı şəhər Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olub. Ailədə bir bacı və bir qardaş olublar. Elçin 1992-2003-cü ildə R.Zorge adına 90 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra hərbi xidmətə yollanıb və əsgəri xidmətini başa vurduqdan sonra fərdi sahibkarlıqla məşğul olub. Vətən müharibəsinə könüllü yollanıb və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Abbasın babası Böyük Vətən Müharibəsi iştirakçısı olub. Hələ beş yaşında olarkən atasıyla döyüş bölgəsinə gedib və silahlarla xatirə şəkli çəkdirib. Elə həmin gündən Abbas ailəsinə deyib ki, “bir gün mən də bu torpaqlara qəhrəman kimi gələcəm”. 2012-ci ildə Abbasın oğlu dünyaya gəlir və adını İsmayıl qoyurlar. Amma çox təəssüflər olsun ki, 2015-ci ildə Abbasın atası Salam kişi dünyasını dəyişir. 
 
Həyat yoldaşı Əfsanə xanım deyir ki, Abbas onunla tanış olduğu ilk gündən vətən uğrunda döyüşlərə qatılacağından danışıb və bildirib ki, bu onun arzusudur. Anası Təranə xanım deyir ki, nə vaxt Qarabağdan söz düşsə, Abbas döyüşləri səbirsizliklə gözlədiyini və torpaqların düşmən işğalından azad edilməsi üçün döyüşlərə qatılacağını bildirib. 
 
İllər keçir və Abbasın arzusu çin olur, Vətən müharibəsi başlayır. Abbas döyüşlərə getmək üçün dəfələrlə müraciət edir. Amma bildirirlər ki, hələ gözlə, ehtiyac olsa, çağıracağıq. O, isə bu cavabla rahatlıq tapmır. Bildirir ki, yox, tezləşdirin, döyüşə qatılmaq istəyirəm. Nəhayət ki, oktyabrın 9-da Abbas döyüşlərə çağırılır. O, Qubadlı və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edir. Ailəsi ilə əlaqə saxlayarkən işğaldan azad edilən torpaqlarımıza görə sevinir və bu yerlərin sanki cənnət olduğunu bildirir.
Noyabrın 1-də axşamüstü həyat yoldaşı Əfsanə xanıma zəng vurub deyib ki, “Mən dağlıq ərazidəyəm, vəziyyət yaxşı deyil. Sizinlə əlaqə saxlaya bilməsəm, narahat olmayın”. 
 
Növbəti dəfə ailəsi ilə danışanda deyir ki, dəstəyi oğlum İsmayıla verin. Sanki “Ögey ana” filmindəki kimi ailəsini balaca İsmayıla tapşırır. Deyir ki, “İsmayıl, oğlum, anana və nənənə yaxşı bax, onlar sənə əmanət. Mənimlə daim fəxr et”. 
 
Abbas Xocavənd uğrunda ağır bir döyüş əməliyyatına girir. Qarşıdakı körpünü işğaldan azad etdikdən sonra döyüş yoldaşlarıyla birlikdə 12 saat mühasirədə qalır. Amma son nəfəsinə qədər döyüşərək noyabrın 2-də qəhrəmancasına şəhid olur. Abbasın nəşi noyabrın 4-də Ramana qəsəbəsində böyük izdihamla dəfn edilir. İsmayıl atasının məzarı başında hiss edir ki, atası ona sonuncu dəfə niyə o sözləri demişdi. Atasının rəsminə sarılan İsmayıl, məzarı başında deyir ki, “ata, böyüyəndə mən də sənin kimi qəhrəman olacam”. 
Abbasın döyüş yoldaşları deyirlər ki, o, insanda qorxu hiss olmayıb. Daim irəli gedərək düşmənin üzərinə atılıb. 
 
Şəhid Abbas Əliyev ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
скачать dle 12.1