Səbail Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.
Bununla bağlı Səbail RİH başçısı əmr imzalayıb.
Əmrə əsasən RİH başçısının müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu RİH başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.
Digər əmrə əsasən RİH başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həşimova Kəmalə Ləzgi qızı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, daha əvvəl Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova olub. O, ötən ay vəzifəsindən azad edilib.
Onu da qeyd edək ki, Şixəmmədov Vüqar Nurməmməd oğlu 9 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə 66 saylı orta məktəbi, 2008-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2011-ci ildə ikinci ali təhsil olaraq Azərbaycan Turizm İnstitutunun mühəndis iqtisadiyyatı və idarəetmə, menecment fakültəsini bitirib.
Əmək fəaliyyətinə 15 yanvar 2004-cü ildə “İmproteks Travel” şirkətinin Daxili turizm şöbəsində təlimatçı olaraq başlayıb. 2004-2005-ci illərdə AGİ Nizami rayon Komitəsində təlimatçı, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Turizm şöbəsinin Təbliğat və İnformasiya sektorunda məsləhətçi, 2006-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində daxili turizmin inkişafı sektorunda aparıcı məsləhətçi və böyük məsləhətçi, 2006-2011-ci illərdə baş məsləhətçi, 2011-2015-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri, 2015-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2018-ci ildə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.
2014-2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Həmkarlar Komitəsinin sədr müavini, 2018-ci ilin sentyabr-dekabr ayları ərzində əməkdaşların səsverməsi nəticəsində komitənin sədri kimi fəaliyyət göstərib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb.
Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 13 dekabr 2018-ci il tarixli əmri ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli sərəncamı ilə “Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu”nun təşkilində səmərəli fəaliyyətə görə “Tərəqqi medalı” ilə təltif olunub.
Ailəlidir, üç övladı var.скачать dle 12.1