Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında 10 noyabr sənədini tarixi sənəd kimi dəyərləndirib:
"Ermənistanın noyabrın 10-da kapitulyasiya aktını imzalamasının iki ili tamam olur. Bu sənəd Ermənistanın biabırçı hərbi məğlubiyyətinin nəticəsi olaraq imzalanıb. Azərbaycan Nikol Paşinyanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. 10 noyabr sənədi tarixi sənəddir. Onun imzalanması ilə müharibəyə son qoyuldu. Sənəddə postmüharibə dövrünün həllini gözləyən vacib məsələlərin həlli istiqamətində konkret addımlarına tılması da nəzərdə tutulub. 9 maddəlik sənədin ən mühüm bəndlərindən biri Ağdam, Kəlbəcər və Laçının bir güllə atılmadan belə Azərbaycana qaytarılması məsələsidir. Atəşkəsə nəzarət üzrə Türkiyə və Rusiyanın iştirakı ilə Monitorinq Mərkəzi də yaradıldı. Düzdür, onun fəaliyyətilə bağlı bu günə qədər cəmiyyətə heç bir hesabat verilməyib. Sənədin 3 və 4-cü bəndləri Rusiya sülhməramlılarının fəaliyyətilə bağlıdır. Onlar Qarabağda təmas xəttində və Laçın dəhlizində yerləşdilər.Dərhal bu icra edildi”.

Deputat qeyd edib ki, Rusiya sülhməramlılarının gəlişilə paralel olaraq erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması bəndi isə bu günə qədər icra olunmayıb:
"Rusiya sülhməramlıları bir çox hallarda Laçın dəhlizilə Ermənistandan Qarabağ ermənilərinə silah daşımasına göz yumublar. Bundan ruhlanan Paşinyan bəyan etmişdi ki, onlar Rusiya sülhməramlıların qalma müddətinin 15-20 ilə qədər uzadılmasında maraqlıdırlar. Ancaq onların bu xulyasıda da Azərbaycan Prezidenti son qoydu. İlham Əliyev Soçi görüşündə qeyd etdi ki, artıq Qarabağ məsələsi həllini tapmış məsələdir, müharibə iki il qabaq bitib və indi postmüharibə dövrünün həllini gözləyən məsələlər tənzimlənməlidir. Zəfər günündə çıxışı zamanı da Prezident söylədi ki, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 10 noyabr sənədində göstərilib. Onlar 5 il müddətinə gəlib. 2025-ci ildə fəaliyyətləri bitir. Azərbaycanın işi haqq işidir”.