“Bu gün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin Soçi görüşü təşkil ediləcək. Bu, Putinin vasitəçiliyi ilə keçirilən üçüncü görüş olacaq. Birinci görüş ötən ilin noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması, ikinci görüş isə bu ilin yanvarın 11-də hər üç dövlətin baş nazirlərinin müavinləri səviyyəsində birgə komissiyanın yaradılması ilə yekunlaşıb. Həmin görüşün əsas məqsədi iki dövlət arasında nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır. Ötən iki görüşün nəticələri ortaya qoyulduğuna görə, bu dəfəki görüşdən də ümidlər böyükdür”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 

 
Parlament üzvü hesab edir ki, Soçi görüşündə müzakirə ediləcək bir nömrəli məsələ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasıdır: “Nəzərə almaq lazımdır ki, noyabrın 16-da məhz sərhəddə Ermənistan tərəfindən təxribatlar törədildi və atəşkəs pozuldu. Hətta bəzi ekspertlər bir az da irəli gedərək üçüncü Qarabağ müharibəsinin başlanması haqqında tələsik bəyanatlar da verdilər. Bu, sərhəddə istənilən vaxt hərbi əməliyyatların başlanmasının mümkünlüyünü göstərir. Belə olan halda, 10 noyabr və 11 yanvar razılaşmalarının üstündən xətt çəkilə bilər. Ona görə də Soçi danışıqlarında sərhədlərin dəqiqləşdirilməsi məsələsi həllini tapmalıdır. Bundan başqa, əlbəttə ki, etimad mühitinin dərinləşdirilməsi ilə bağlı müzakirələr də aparılacaq. Həmçinin, gələcəkdə xalq diplomatiyasına ciddi ehtiyac yaranacaq. Ümumiyyətlə, nəticə etibarilə Soçi görüşü gələcəkdə sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaradacaq”.
 скачать dle 12.1