"Azərbaycan və Ermənistan arasında etimad mühitinin yaradılması istiqamətində ilin elə ilk aylarından etibarən kövrək də olsa, addımlar atılmaqdadır. Bu addımlar sülh müqaviləsinin imzalanmasının labüdlüyünə inam yaradır. Baxmayaraq ki, Ermənistanın siyasi rəhbərliyində təmsil olunan bəzi vəzifəlilər bir çox hallarda sülh müqaviləsi yolunda əngələ çevrilən bəyanatlar yayırlar. İstənilən halda, tarixi inkişafın özünəxas yolu var, onun qarşısını almaq mümkün deyil. Qısacası, sülh müqaviləsinin gec, ya tez imzalanması labüddür".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, son vaxtlar müşahidə edilən bir sıra hadisələr iki ölkə arasında sülh müqaviləsinin imzalanmasi istiqamətində mühüm əhəmiyyət kəsb edir:  "Fevralın 4-də Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa prezidentlərinin iştirakı ilə videoformatda görüş keçirildi. Sözsüz ki, görüşdə müzakirə olunanlar, əsasən, postmüharibə dövrünün reallıqları və həllini gözləyən məsələlərlə bağlı idi. Bu kontekstdə Prezident İlham Əliyevin qaldırdığı əsas məsələlərdən biri Azərbaycanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın hərbi və mülki şəxslərin taleyi, eyni zamanda, həmin dövrdə ermənilərin Azərbaycanda əsir və girov götürdüyü şəxsləri qətlə yetirərkən dəfn etdikləri kütləvi məzarlıqların araşdırılması ilə bağlı idi. Prezident Ermənistan tərəfinin bu məsələlərə aydınlıq gətirməsini və konkret əməli addımlar atmasını tələb etdi. Azərbaycan ötən ilin noyabrın 26-da təxribatla məşğul olmuş 8 erməni hərbçisinin geri qaytarılmasına razılığını bildirmişdi. Bu, dövlətimizin humanizm prinsiplərindən çıxış edərək atdığı addımdır. Həmçinin bu, iki dövlət arasında etimad mühitinin yaranmasına istiqamətlənmiş addımdır. Nəzərə almaq lazımdır ki, sonda tarixi sülh müqaviləsinin imzalanması üçün etimad mühitinin yaradılması vacibdir. Etimad mühiti ilk növbədə Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələlərinin həllinə, kommunikasiyaların açılmasına, Zəngəzur dəhlizinin fəaliyyət göstərməsinə səbəb ola bilər. Etimad mühiti olmayanda isə bütün bunların baş verməsi qeyri-mümkündür. Atılan addımlar nəticə etibarilə, böyük sülh sazişinin bağlanması üçün münbit şərait təmin etməlidir".скачать dle 12.1