Azərbaycanın ərazi bütövlüyünün və ölkənin suverenliyinin beynəlxalq hüquqi sərhədlər çərçivəsində tam bərpası Sovet İttifaqının dağılmasından bəri onun Ermənistanla sülh sazişi imzalaması üçün ilk real şans yaradır, Ukrayna bunu ancaq xəyal edə bilər.
Bu barədə almaniyalı jurnalist Tomas Fasbenderin “Berliner Zeitung” qəzetində dərc olunan “Azərbaycan-Ermənistan münaqişəsi: 30 ildən sonra sülh və iki müharibə?” məqaləsində qeyd edilib.
“Onilliklər ərzində davam edən gərginlikdən, o cümlədən SSRİ-nin dağılmasından bəri baş verən iki müharibədən sonra Azərbaycan-Ermənistan münasibətlərində real, dayanıqlı sülhün bərqərar olması şansı var. Bu, uzun və qanlı bir yol idi”, - o vurğulayıb.
O əlavə edib ki, münaqişə nəticəsində yüz minlərlə azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb.
T.Fasbender qeyd edib ki, Cənubi Qafqaz regionu yeni imkanlar pəncərəsi qarşısındadır: “İlkin vəziyyət o qədər də pis deyil. Hərbi cəhətdən çox üstün olan Azərbaycan sentyabr ayında antiterror tədbirləri həyata keçirib”.
Jurnalistin sözlərinə görə, ermənilərin “etnik təmizləmə”yə məruz qaldıqları ilə bağlı yayılan şayiələrin heç bir əsası olmadığı danılmazdır, çünki BMT və Qərb dövlətlərinin, o cümlədən Aİ-nin nümayəndələri bəyan edirdilər ki, bu tədbirlər zamanı Qarabağ regionunda mülki əhaliyə və infrastruktura ziyan dəyməyib və erməni əhalisindən heç bir şikayət olmayıb:
“Erməni sakinlərin Qarabağı tərk etməsinin əsas motivi yəqin ki, gələcək qorxusu olub. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalından sonra 1994-cü ilə qədər ən azı 600 min azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, şəhərlər və kəndlər xarabalığa çevrilib. Bu ərazilər yalnız 2020-ci ildə Azərbaycanın nəzarətinə qaytarılıb”.
“İndiki ehtiyatlı nikbinliyin səbəbi, ilk növbədə, Azərbaycanın milli suverenliyinin beynəlxalq hüquqi sərhədlər çərçivəsində bərpa olunmasıdır - məsələn, Ukrayna bunu hazırda ancaq xəyal edə bilər. Amma buna maneələr var”,- o bildirilib.
Jurnalist vurğulayıb ki, onlardan birini qiymətləndirməmək olmaz - bu, Zəngəzur dəhlizidir: “2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli atəşkəs bəyanatında Ermənistan Naxçıvan Muxtar Respublikası ilə “maneəsiz” nəqliyyat əlaqələrini təmin etməyi öhdəsinə götürüb. Hər iki dövlətin bir-birinə inamsızlığını davam etdirdiyini nəzərə alsaq, belə bir dəhlizin həyata keçirilməsi çox güman ki, çətin olacaq. Ən azı kənardan belə görünür”.
O hesab edir ki, dəhliz yeganə maneə deyil: “Azərbaycan istərdi ki, 1988-ci ildən sonra Ermənistandan Azərbaycana qaçmağa məcbur olan 200 minə yaxın azərbaycanlı öz vətənlərinə qayıda bilsin. Öz növbəsində Bakı Qarabağ ermənilərinin Azərbaycana qaytarılmasının mümkünlüyünə işarə edir”.
скачать dle 12.1