Azərbaycan Ermənistanı əməkdaşlığa dəvət edib. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bölgədə yeni bir əməkdaşlıq platformasının yaradılmalı olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, bu əməkdaşlıq platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər:
“Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı var. Eyni zamanda Azərbaycan-Rusiya-İran əməkdaşlığı, Türkiyə-Rusiya-İran əməkdaşlığı var. Bütün bu əməkdaşlıq platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə, gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq”
Maraqlıdır, Ermənistan bu təklifi qəbul edəcəkmi?
Sabiq Maliyyə naziri Fikrət Yusifov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Ermənistan illərdir işğalçı siyasətinin qurbanı olub. Onun iqtisadiyyatı da, sosial həyatı da bu işğalçılıq baxışlarının əsirinə çevrilib:
“Ermənistan müharibə başlamadan əvvəl dövlət kimi çox acınacaqlı bir duruma gəlib çatmışdı. Eyni zamanda ölkənin içərisində ciddi sosial problemlər yaşanırdı. Əhali kütləvi şəkildə ölkəni tərk edib gedirdi. Bu dönəmdə təbii ki, Paşinyanın hakimiyyətə gəlməsi və onun bu müharibəni başlatması, acınacaqlı məğlubiyyətin əsasını qoydu. Əgər Ermənistan bu dərslərdən nəticə çıxarmasa, sabaha normal baxış formalaşdıra bilməsə, bu, Ermənistanın sonu olacaq. Bu sona doğru onlar kifayət qədər irəliləyiblər. Burada dayanmasalar, Ermənistan üçün həqiqətən, böyük fəlakət olacaq. Ümumiyyətlə, bir insan nə qədər məşəqqət içərisində yaşaya bilər? Bu yaxınlarda Ermənistanda sorğu keçirilib. “Siz özünüzü Ermənistanda təhlükəsiz hiss edirsinizmi?”,-deyə sual verilib. Cavablandıranların 2/3-i özlərini təhlükəsiz hiss etmədiklərini, ona görə də Ermənistanı tərk etmək istədiklərini deyiblər. Ermənistan hakimiyyətinin başında dayananlar, erməni ideoloqlar Ermənistanı bu gün belə vəziyyətə gətirib çıxarıblar”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, ermənilərin ağılsızlıqlarının ucbatından düçar olduqları acınacaqlı məğlubiyyətdən sonra belə bir platformanın imkanlarından istifadə etməmələri onların vəziyyətini daha da pisləşdirər:
“Həmin platformada 6 dövlət iştirak edə bilər, altıncı dövlət də Ermənistan ola bilər. Əgər onlar bununla da razılaşmasalar, deməli, ümumiyyətlə bu bölgədə yaşamaq istəmirlər. Özlərinin bir dövlət kimi məhvini reallaşdıracaqlar. Çünki bu gün Ermənistanın iqtisadiyyatı bərbad vəziyyətdədir, ordusu tamamilə darmadağın edilib. Bir dövlətin ki sərhədlərini özü yox, başqa bir dövlət qoruyur, ondan nə gözləmək olar? Bu, təbii ki, oyuncaq dövlətdir. Heç olmasa, vətəndaşlarının nəfəs alması xatirinə onlar bu platformanın imkanlarından istifadə etməlidirlər. İstifadə edəcəklərsə, bu, onların düşdükləri uçurumdan çıxmaq üçün işıq yolu olacaq. Çünki onlar hər tərəfdən blokadadır. Hara baxsanız, onlar azərbaycanlıların, türklərin əhatəsindədirlər. Azərbaycanın digər bölgələri, o cümlədən Naxçıvanla sərhəddə azərbaycanlılar yaşayır. Digər tərəfdən Türkiyənin Qars şəhəri ilə sərhəddir ki, orada da azərbaycanlılar çoxdur. İran sərhəddində cənubi azərbaycanlılar məskunlaşıb. Gürcüstan sərhəddində də məlum vəziyyətdir, yenə azərbaycanlılar yaşayır. Yəni onlar hər tərəfdən bizim əhatəmizdədir. Onlar burada yaşamalıdırlar, ya rədd olub getməlidirlər. Başqa yol yoxdur. Bu, onların tarixi missiyasıdır”.скачать dle 12.1