"Putinin Qarabağla bağlı müsahibəsi başdan-ayağa təhdidlərdən ibarətdir. Rusiya prezidenti açıq şəkildə deyir ki, istədiklərimizi əldə edə bilməsək bütün mümkün olan və olmayan addımları atacağıq. Qarabağı Cənubi Osetiya ilə müqayisə etməsi isə həmin təhdidin pik nöqtəsidir".
Bu barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu sosial şəbəkədə yazıb.
Onun fikrincə, Putin açıq deyir ki, Qarabağa Cənubi Osetiyada atılmış addım (yəni, müstəqilliyin tanınması) tətbiq olunsaydı bugünkü itkilər olmazdı:
"Bəs Rusiyanın istədikləri nədir? Bizim üçün ərazi bütövlüyünün bərpası məqsədi daşıyan savaşda Rusiya qarşısına bir sıra vəzifələri qoymuşdu. İlk növbədə Qarabağa sülhməramlı adı altında qoşun yeridərək orada Rusiya hərbi bazasını qurmaq. Hərbi baza Rusiyaya bölgədəki kommunikasiyalara nəzarət üçün lazımdır. İkincisi, kommunikasiyalara nəzarəti ələ keçirərək qlobal yükdaşımalara təsir göstərmək. İdealda isə onlara nəzarət etmək. Ən nəhayət, yaxın Şərqə çıxış əldə etmək. Bu mənada Azərbaycana nəzarət təkcə "Şimal-Cənub" dəhlizi üçün deyil, həm də "Şərq-Qərb" dəhlisinə nəzarət məqsədilə Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Bunun üçün iki əsas nöqtəyə nəzarət ələ götürülməlidir - Xüdafərindən və Naxçıvandan keçəcək nəqliyyat qovşaqlarına. Yalnız bu ərazilərə nəzarət Rusiyaya Yaxın Şərqə çıxışı təmin edə bilər. Bu isə Rusiyanın əsas geosiyasi hədəfidir".
Politoloq bildirib ki, Putinin müsahibəsindəki təhdidlər də bu bölgələrə nəzarətə nail olmağa xidmət edir:
"Putin demək istəyir ki, İstədiklərimizi əldə etməsək, təcavüz davam edəcək. Rusiya mediasında "Qarabağı Azərbaycandan 50 illiyə icarəyə götürmək" ideyası da elə bu məqsədlə dövriyyəyə buraxılıb. Burda Qarabağ dedikdə təkcə keçmiş muxtar vilayətin ərazisi deyil, həm də Cəbrayildan keçən dəhliz (yol) və çox güman ki, Naxçıvanda analoji zolaq nəzərdə tutulur. Bu şərtlər Azərbaycan üçün tamamilə qeyri-məqbuldur və bundan qaçmağın əsas yolu hələlik Türkiyə ilə geniş hərbi əməkdaşlıqdan ibarətdir. Əks halda Rusiyanın təhdidləri təkcə davam etməyəcək, həm də real addımlara keçəcək".
Ə.Oruclunun qənaətincə, ikinci atmalı olduğumuz addım Qarabağdakı Rusiya silahlı qüvvələrinə leqal status verilməsini ləngitmək, idealda isə həmin statusu verməməkdir:
"Səbəb kimi Rusiyanın sülhməramlı missiyanın şərtlərini pozaraq, ölkə ərazisinə hücum silahlarını yerləşdirməsi göstərilə bilər. Bütün bunlar heç də asan deyil, amma bu, heç də Rusiya qarşısında təslim olmağa əsas vermir, çünki bu halda Azərbaycan həm beynəlxalq daşımalardan gələn mühüm gəlir mənbələrini, həm də xeyli dərəcədə suverenliyini (rəsmi olaraq) azı 30 illiyə itirmiş olardı".скачать dle 12.1