“Deputatların koronavirusa kütləvi yoluxması ilə bağlı xəbərlər yayıldı. Sonradan hər kəs şahidi oldu ki, iddialar əsassızdır. Bunun da səbəbləri var. Bilirsiniz, bəzi qüvvələr ümummilli məsələlər olduqda belə təxribat törətməyə cəhd edirlər, deputatları və digər nüfuzlu şəxsləri hədəfə gətirirlər. Bunu da cəmiyyətdə nifrət hissi aşılamaq üçün edirlər”.
 
Bunu Bakisesi.com-a açıqlamasında deputat Cavid Osmanov deyib.
 
C.Osmanov qeyd edib ki, bu cür hərəkətlərə yol verənlər anti-Azərbaycan qüvvələrdir: “Əhalinin çox az bir hissəsi onları dəstəkləyir. Deputatlar da digər orqanların əməkdaşları kimi çalışırlar ki, ölkəmiz inkişaf etsin, daim öndə olsun. Millət vəkilləri kifayət qədər aktivlik nümayiş etdirirlər, qanunverici təşəbbüslə çıxış edirlər, seçicilərin problemlərini qaldırırlar. Ona görə də deputatlara qarşı qarayaxma kampaniya aparılır, bu da vahid mərkəzdən idarə olunur”.
 
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bununla bağlı münasibətini açıqlayıb: “Deputatlar da insandır, onlar koronavirusa yoluxa bilər. Milli Məclisin inzibati binasının daxilində sanitar qaydalara çox ciddi əməl olunur. Ona görə burada koronavirusa yoluxma təhlükəsi yoxdur. Parlamentin İşlər idarəsinin iki əməkdaşı və bir deputat – Sahib Alıyev koronavirusa yoluxub. Allah onlara şəfa versin. Deməli, artıq həyəcan siqnalı var, özümüzü qorumalıyıq. Xüsusilə qeyd etmək istərdim ki, həmin şəxslərin yoluxması birbaşa Milli Məclislə əlaqəli deyil. Bu, onların getdiyi yerlərdə təmasda olduğu insanlarla əlaqəlidir”.скачать dle 12.1