BakiSesi.com

İşləyən valideynlər övladlarını hara və kimə etibar edəcəkləri qarşısında çox aciz qalıblar - AKTUAL

Tarix:16-09-2020, 12:02 | Oxunub: 7
İşləyən valideynlər övladlarını hara və kimə etibar edəcəkləri qarşısında çox aciz qalıblar - AKTUAL
Bu gündən Azərbaycanda dövlət və özəl uşaq bağçaları fəaliyyətini bərpa edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır. Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir. Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaq. Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bildirib ki, bağçaların açılması çox vacibdir. O qeyd edib ki, artıq bir çox iş yerləri açılıb, məhz bu səbəbdən də valideynlərin bir çoxu övladlarını hara qoyacağını bilmir:

"Hesab edirəm ki, indiki vəziyyətlə əlaqədar olaraq bağçaların açılması məqsədəuyğundur. Bildiyimiz kimi, uzun müddət idi ki, bir çox müəssisələr işləmirdi. Artıq iş yerləri öz fəaliyyətini bərpa edib. Məhz bu səbəbdən də valideynlər çox çıxılmaz vəziyyətdə qalıblar. Bağça müəssisələri işləmədiyi üçün onlar övladlarını hara və kimə etibar edəcəkləri qarşısında çox aciz qalıblar.

Pandemiya zamanı bağçaların olmaması səbəbindən bir çox valideyn işdən çıxarıldı. Ona görə də bağçaların açılması çox vacib məsələ idi. Bildiyimiz kimi, azyaşlı uşaqların virusa yoluxma dərəcəsi də aşağıdır. İnanıram ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qaydalara uyğun olaraq deyilən bütün təlimatlar düzgün həyata keçiriləcək".

G.Səfərova diqqətə çatdırıb ki, uşaqların ünsiyyətdən qalmaması və sosiallaşması üçün onların bağçalara getməsi çox mühümdür:

"Bağçalar uşaqların təlim-tərbiyəsi üçün vacibdir. Nəzərə alaq ki, bəzi valideynlər bir çox səbəblər ucbatından öz övladlarını təkbaşına böyütmək məcburiyyətindədirlər.

Bizə daha çox müraciət edənlər arasında ailə başçılarını itirənlər, boşanmış qadınlardır. Yəni çörəyi yalnız özləri qazanan qadınlardır. Onları da başa düşmək, anlmaq lazımdır.

Sadəcə yenə də deyirəm, deyilən bütün qaydalara mütləq şəkildə əməl olunmalıdır. Təbii ki, "buna da nəzarət lazımdır", deməklə deyil. Nəzarət olmasa deyilən qaydaları inanmıram ki, kimsə tamlıqla yerinə yetirəcək. Virusa yoluxma faktının aşkarlanması məsuliyyətini kiminsə boynuna qoymaq olmaz.

Pandemiya elə bir yoluxucu xəstəlikdir ki, o, bağçada tutmaya da bilər. Küçədə parkda oynayan zaman, gəzən zaman və sair. Hər birimiz birlikdə çalışmalıyıq. Düşünürəm ki, öhdəmizə düşən vəzifəni birgə yerinə yetirməliyik".
скачать dle 12.1