BakiSesi.com

Həkimlərə daha 20 milyon manat ödəniş edildi

Tarix:16-09-2020, 13:14 | Oxunub: 8
Həkimlərə daha 20 milyon manat ödəniş edildi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 12 756 nəfər tibb işçisinə, 3 049 nəfər qeyri-tibb işçisinə iyul ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödəyib.  

Agentlikdən verilən məlumata görə, Bakı şəhəri üzrə 21, ölkənin digər şəhər və rayonları üzrə 70 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 20 milyon manat müddətli əlavə ödənilib. 

Tibbi profilaktik tədbirləri həyata keçirən 2676 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2.3 milyon manat ödənilib.

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov deyib ki, xəstəxanada çalışan həkim laborantın 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Onun sözlərinə görə, həkim laborant koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 432 manat 69 qəpik müddətli əlavə almalıdır: "432.69 = ((375 / 26) x 10)x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq. Təcili tibbi yardım xidməti göstərən 3 911 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 374 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.2 milyon manat ödənilib".

R.Həsənov bildirib ki, təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır: "Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 5795 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 8.9 milyon manat ödəniliB". 

Maliyyə departamentinin rəhbəri vurğulayıb ki, xəstəxanada çalışan həkimin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır: "Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 846 manat 15 qəpik müddətli əlavə almalıdır. 846.15 = ((440 / 26) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq".

Agentlikdən bildirilib ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq avqust ayı üzrə də müddətli əlavələrin ödənilməsinə başlanılıb.
скачать dle 12.1