BakiSesi.com

Sakinlər narahatdır, İcra hakimiyyəti isə... - Şəkidə NARAZILIQ...

Tarix:9-02-2021, 10:22 | Oxunub: 16
Sakinlər narahatdır, İcra hakimiyyəti isə... - Şəkidə NARAZILIQ...
Ötən ilin avqust ayında güclü yağışlar səbəbindən Şəkidə güclü sel əmələ gəlib. Nəticədə də şəhərin mərkəzindən keçən Qurcana çayının istinad divarları dağılıb və sel suları Şəkiyə xeyli ziyan vurub. Sputnik Azərbaycan xəbər verir ki, hadisədən 5 aydan artıq vaxt keçsə də, uçmuş istinad divarları hələ də bərpa edilməyib. M.F. Axundov prospekti və 20 Yanvar küçəsində ümumilikdə 200 metrə yaxın istinad divarının bərpasına ehtiyac var. Şəhər sakini Əlövsət Ağayev Sputnik Azərbaycan-a bildirib ki, yaz aylarında dağlardakı qarın əridiyi və çaylarda suyun artdığı vaxtda yenə sel təhlükəsi yaranacaq:

“Bura Qurcana və Dəyirman çaylarının birləşdiyi yerdir, “Köhnə bazar” ərazisi adlanır. Hər birində 50 mənzil olan 54 və 56 nömrəli binalar yerləşir. Sel gəlsə, mənim də yaşadığım o binalar təhlükə ilə üzləşəcək. Buradakı xeyli ictimai iaşə və ticarət obyektləri suyun altında qalacaq”.

Şəhər sakini Faiq Hacıyev isə deyib ki, istinad divarları ilə yanaşı suqırıcı bəndlərin də dağılması təhlükəni daha da artırır:

"1977-ci ildən buradakı 56 nömrəli binada yaşayıram. Çay ilə qonşuyuq. 6 aya yaxındır hər dəfə yağış yağanda qorxuruq ki, yenə sel gələcək. 54 nömrəli binadan prokurorluğun yanınadək 12 bənd dağılıb. Bu bəndlər həm suyun sürətini azaldırdı, həm də çayın kənarındakı divarların dib hissələri çökmürdü. Həmin bəndlərin də olmaması, bizi daha çox vahiməyə salır".

Sel gələn zaman istinad divarları uçduqdan sonra su avtomobil yolunun da bir hissəsini dağıtmışdı. Şəhər sakini Şəhla Nəsrullayeva qeyd edib ki, bu hal nəqliyyat vasitələri ilə yanaşı, piyadalar üçün də təhlükə yaradır:

“20 Yanvar küçəsində maşın yolunun yarısına qədər hissəni su yuyub. Piyadalar da yolun kənarı ilə gedir. Gecə buradan gedən adam uçmuş hissəyə də düşə bilər”.

Məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Taleh Alxasov Sputnik Azərbaycan-a bildirib ki, ərazidə monitorinq aparılıb və layihə-smeta sənədləri hazırlanaraq aidiyyəti qurumlara göndərilib:

“Sözügedən ərazidə böyük maliyə vəsaiti tələb edən tikinti işləri aparılmalıdır. O cümlədən, istinad divarları və çoxlu sayda su qırıcıları, yəni, bəndlər tikilməlidir. Hesab edirik ki, yaxın vaxtlarda maliyyə vəsaiti ayrılacaq və tikinti işlərinə başlanacaq”.
скачать dle 12.1