Dünyanın bir çox ölkələrində parlament üzvləri öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Deputat mandatı daşıyanlar arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür.



Hətta Ermənistan parlamentinin deputatları mülk və gəlir haqqında öz deklarasiyalarını təqdim ediblər.



Erməni mətbuatının yaydığı məlumata görə,parlamentdə 19 milyonçu (dollarla götürüldükdə) deputat var. Onlardan 9-u hakim “Respublika” və “Çiçəklənən Ermənistan” partiyalarının üzləri, yalnız bir nəfər (Araik Qriqoryan) isə bitərəfdir.



Erməni deputatlar deklarasiyada ümumilikdə 49,1 milyard dram, 80,7 milyon dollar və 27,1 milyon avro gəlirləri olduğunu göstəriblər. Ermənistan parlamentində ən varlı fraksiya “Çiçəklənənə Ermənistan”dır. Belə ki, onun deputatlarının ümumi gəlirləri 163,6 milyon dollardır. Parlamentdə ən varlı deputata elə həmin fraksiyanın rəhbəri Qarik Çakuryandır. Onun 134,2 milyon dollar gəliri olduğu bildirilir”.



Nədənsə Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında milyonçuların olub-olmaması da bəlli deyil. Buna baxmayaraq mətbuat kluarlarında qeyri-rəsmi olaraq deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı müxtəlif məlumatlar yayılır.
Arada biabırçı olaylar da oldu. 



Məsələn deputat vəsiqəsini girov qoyub, sələmə milyonlarla dollar pul götürən və həmin vəsaitləri geri qaytarmayan Rəfael Cəbrayılovun deputat səlahiyyətlərinə ötən il oktyabrın 2-də rəsmən xitam verildi.



Həmin vaxt Milli Məclis üzvlərinin bizneslə məşğul olan deputatlarla bağlı mövqeyi belə oldu:



Fazil Mustafa: “Qanun qadağan edir. Deputat bizneslə məşğul ola bilməz. Hər kəsin özünün ağlı və şüuru var. Hər kəs bilir ki, qanun nə tələb edir. Biznesmen olmaq istəyən gedir bizneslə məşğul olur. Olmaq istəməyənlər isə siyasətlə məşğul olur. Hər kəs çalışmalıdır ki, gələcəkdə belə təhlükələrə düşməmək üçün bizneslə siyasəti qarışdırmasın. Mənim kiməsə tövsiyyə verməyim düzgün deyil. Qanun özü bunun üçün düzgün yol göstərir. Yetər ki, qanunlara riayət edilsin. 



Təbii ki, parlamentdə hər kəsə normal əməkhaqqı verirlər. Məncə əlavə biznesə ehtiyac yoxdur. Ola bilər ki, deputatın hansısa yaxın adamı bizneslə məşğul olsun. Amma deputatın bizneslə məşğul olmasını mən başa düşmürəm. Əgər kimsə yaxşı biznesmendirsə, onun siysətlə məşğul olması şərt deyil. Hər sahə ayrılmalıdır”. 



Aqil Abbas: “Açığı deyim ki, mən kiməsə tövsiyyə vermək hüququna malik deyiləm. Mən bildiyim qədər heç bir deputatın öz adına biznesi yoxdur. Parlamentə seçilən şəxsin ola bilsin ki, xalası oğlu, dayısı oğlu və ya qardaşının biznesi olsun. Həm də ki, deputatlar öz boyunlarına öhdəlik götürüblər ki, bizneslə məşğul olmasınlar. 
Deputatlar təbii ki, normal maaş alırlar və bu məvaciblə yaşamaq mümkündür”. 



Görünür deputat maaşı çoxlarına bəs etmir. MM üzvlərindən birinin tək Bakıətrafında 31 biznes obyekti var.
Gundelik-baku.com bildirir ki, deputat bu obyektləri “Turan eli” adlı şirkət adı altında idarə edir.
Ad yaxşı addır. Turan arzusu ürəyində türklük sevdası olan hər bir şəxsin xəyalıdır.
Ancaq cənab deputat oturub TURAN qurulmasını gözləməyə, hətta bunun üçün kiçicik bir addım atmağa ehtiyac duymayıb.
Əvəzində “Turan eli” brendi adı altında biznes şəbəkəsi qurub. Zatən şəxsi mənafe həmişə ideyanı üstələyib.Biznesmen deputatın kimliyini gələn yazılarda açıqlayacağıq.скачать dle 12.1