Aytənin audio-video yazısı Səbail prokurorluğuna təqdim olunub

Aytən Niftəliyeva tam anlaqlı vəziyyətdə intihar etmədiyini, ərinin onu ölüm həddinə çatdırdığını bildirib


Xatırladaq ki, rəsmi məlumatda  qeyd olunur ki,  avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər. 
Aytən Niftəliyevanın ailəsi isə hadisəni intihar yox, qətl kimi qiymətləndirir və bunda onun həyat yoldaşı Rəhman Niftəliyevi ittiham edir. Aytən Niftəliyevanın anası Mehriban Süleymanova kürəkəninin qızını mütəmadi döydüyünü və ölümünə səbəb olduğunu bildirib. 
Aytən Niftəliyevanın qohumlarının dediklərindən o da məlum olur ki, Aytən  hətta hamiləlik dövründə də həyat yoldaşı  Rəhman tərəfindən fiziki şiddətə məruz qalırmış, toqqa ilə  boğularaq döyülürmüş. 
Məlumat üçün onu da qeyd edək ki, Aytən Niftəliyevanın atası İlham Niftəliyev 1-ci Qarabağ müharibəsi veteranıdır. Yeri gəlmişkən, Aytən Niftəliyevanın həyat yoldaşı və qaynanası ötən il onu atasının yas məclisinə də buraxmayıblar. İnsana qarşı bu qədər şiddət və amansızlıq heç bir əndazəyə sığmır. 
Hadisə günü Rəhman Aytəni döyməyə başlayıb. Bu dəfə qaynana da ona qoşulub. Rəhman Aytənə uşağı qoyub getməsini və boşanmaq istədiyini bildirib. Yəni uşağı anasından zorla almaq istəyiblər. Vəziyyətin gərginləşdiyini görən Aytən qızı Tahirəni də götürüb dama çıxıb. Onun arxasınca qaçan Rəhman Tahirəni anasının əlindən almağa çalışanda, uşaq qəfil damdan düşüb. Sonra isə ana özünü atıbmı, yoxsa həyat yoldaşı itələyibmi, bilinmir. 
Ancaq bəlli olan odur ki, Aytən yıxılarkən bir müddət asılı qalsa da Rəhman ona kömək etməyib. Və Aytən yıxılıb və yerdə cansız övladını görüb. 
Aytən Niftəliyevanın dayısı Yunus Əhmədov və qardaşı Ceyhun Süleymanov Gundelik-baku.com saytına bildirb ki, Aytən Süleymanova intihar etməyib, onu həyat yoldaşı Rəhman ölüm həddinə çatdırıb.  
Qohumlarının dediyinə görə, hadisə baş verəndə babası və nənəsi  Tahirəni  DTX-nın hospitalına aparıblar. Aytən Niftəliyevaya isə kömək etməyiblər. Sonradan qonşuların köməkliyi ilə Aytəni da DTX-nın hospitalına aparıblar. 
Dayısı Yunus Əhmədovun dediyinə görə, Aytən daxili qanaxma  səbəbindən əməliyyat olunub və sonradan anlaqlı vəziyyətdə başına gələnləri qohumlarına və vəkilinə danışıb. Və həmin video-audio material Səbael prokurorluğunun müstəntiqi Araz Əkbərova təqdim olunub. Yəni Aytən Niftəliyeva tam anlaqlı vəziyyətdə intihar etmədiyini, ərinin onu ölüm həddinə çatdırdığını bildirib.
Aytən Niftəliyevanın qardaşı Ceyhun Süleymanov və dayısı Yunus Əhmədov gundelik-baku-ya bildirib ki, bu ağır cinayət cəzasız qalmamalı, haqq və ədalət öz yerini tapmalıdır. 
Məlumat üçün bildirək ki, faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Və iş hazırda müstəntiq Araz Əkbərovun icraatındadır. /Gundelik-baku.com/скачать dle 12.1