İcra başçısı indi də məktəbdə çalışan qadınları testdən keçirməyə hazırlaşır...
Cənab başçı öz oğlu Şəhriyarı da tesdən keçirsin...
Yandı Masallının çırağı, söndü Ağcabədinin çırağı...
Xatırlatma üçün bildirək ki, ötən sayımızda “Ağcabədinin icra başçısı uşaq bağçasında işləyən qadınlar arasında “test” imtahanı keçirir” başlıqlı şikayət yazısı dərc etmişdik.
Yazı Ağcabədi sakini Günel Yusif qızı Mehdiyevanın Gundelik-Bakıya səsli müraciəti əsasında hazırlanmışdı.
Səsli müraciətdə Günel Mehdiyeva bildirirdi ki, o, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır, atası Qarabağ müharibəsində şəhid olub:
“15 ildir Səməd Vuğun adına uşaq bağçasında işləyirəm.
Həyat yoldaşım Novruzov Qabil Əfqanıstan müharibəsi veteranıdır.
Həyat yoldaşıma Rusiya məhkəməsinin qərarı ilə 10 il həbs cəzası verilib.
Həyat yoldaşım artıq həbs cəzasının 5 ilini Rusiyada çəkib.
Bir sözlə, ailə başçısı olmayan başsız qadınam”.
Şikayətçi sonra bildirirdi ki, 15 ildir uşaq bağçasında işləyirəm, hazırda 208 manat maaş alıram və maaşımın 150 manatını kredit verirəm:
“Anamın köməkliyi ilə birtəhər yaşayıram.
Rafil Hüseynov Ağcabədiyə icra başçısı gələnədək öz həyatımızı birtəhər yaşayırdıq.
Rafil Hüseynov 2019-cu ildə Ağcabədiyə icra başçısı təyin olunandan sonra bizim qara günlərimiz başladı.
Belə ki, icra başçısı Rafil Hüseynov bizi icra hakimiyyətinə dəvət edərək sorğu-sual edir, elə suallar verir ki, heç bizim sahəyə dəxli yoxdur.
Sorğu-sualdan sonra bizim qarşımızda şərt qopyulur: Ərizənizlə işdən çıxmalısınız”.
Günel Mehdiyeva haqlı olraq soruşur ki, axı biz niyə işdən çıxmalıyıq, hansı səbəbə görə, işimizi itirməliyik, işdən çıxsam, mən nə ilə dolanmalı, hansı pulla yaşamalıyam ?
Günel Mehdiyevanın müraciətindən bəlli olur ki, başçı göstəriş verib ki, könüllü ərizə yazmayanların maaşlarını kəsin, qoy məcbur olub işdən çıxmaqla bağlı ərizə yazsınlar.
Ağcabədidə Günel Mehdiyeva kimi hüququ tapdalanan qadınlar az deyil.
Məsələn, ərizə yazmağa məcbur edilən qadınlardan biri də bağçada çalışan Abbasova Fəridə Sumbat qızıdır.
Ən dəhşətlisi odur ki, işdən çıxmaqla bağlı təzyiqlərə məruz qalan qadınlardan biri deyib ki, özümü yandırıb öldürəcəm...
Müraciətdə o da qeyd edilir ki, işdən çıxmaqla bağlı ərizə yazmaq tələb olunan qadınlardan biri də Səfərin qohumudur. Ancaq sonra ona dəyməyiblər. Söhbət RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Səfər Səfərovdan gedir. Səsli müraciətin sonunda Günel Mehdiyeva bildirir ki, İcra hakimiyyətində işləyən Sevinc xanım bizə deyir ki, icra başçısı sizi yanına çağırır, görmək istəyir...icra başçısı deyib ki, əgər ərizə yazmasalar özüm bilirəm onlara nə edəcəm…İcra başçısının tapşırığını qadınlara çatdıran şəxsin RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən Sevinc Niftalıyeva olduğu aydın olur. Müraciətin axırında Günel Mehdiyeva deyir ki, biz ehtiyat edirik, görəsən, icra başçısı bizə nə edəcək ?
Biz ötən sayımızda bu səsli müraciəti dərc edəndə redaksiyanın adından cənab icra başçısı Rafil Hüseynova xəbərdarlıq etdik ki, biz imkan verməyəcəyik ki, kimlərsə əllərində olan səlahiyyət resurslarından istifadə edib cənab Prezidentimizin gördüyü tarixi işlərə kölgə salmağa çalışsınlar.
Yazı dərc olunandan sonra düşünürdük ki, Rafil Hüseynov qanunsuz əməllərini dayandırar və müvafiq orqanlar bu barədə heç olmasa düşünər.
Təəssüf olsun ki, biz düşünən kimi olmadı.
Bu gün aldığımız məlumata görə, Ağcabədidə 200-ə yaxın bağça işçisi icra başçısının testindən keçə bilmədiyi üçün işlərindən azad olunublar.
İndi isə növbə Ağcabədidəki qadın müəllimlərə çatıb. İcra başçısı Rafil Hüseynov deyib ki, bağçadan sonra məktəblərədə çalışan müəllimələri testdən keçirəcəm.
Görəsən, Rafil Hüseyova başa salan tapılacaqmı ki, sənin özünü testdən keçirmək lazımdır. Əgər sən testdən keçirməyi bacarırsansa ( buna ciddi şübhəmiz var ) öz ailə üzvlərini, ilk növbədə oğlun Şəhriyarı testdən keçir.
Gundelik-Bakı olaraq müvafiq dövlət qurumlarına müraciət edirik ki, məsələnin ciddiliyini nəzərə alaraq problemi nəzarətə götürün.
Redaksiyadan: Məsələnin aktuallığını nəzərə alaraq işini qanunsuz olaraq itirən bağça işçiləri ilə mütəmadi telefon əlaqəsi saxlayırıq.
Məqalə dərc olunmağa hazır ikən aldığımız son məlumata görə, Ağcabədi RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Mamedov şikayətçi Günel Mehdiyevanı qəbul edib. Ceyhun Mamedov ona irad bildirib ki, sənin atan şəhid deyil.
Birincisi, söhbət icra başçısı Rafil Hüseynovun qanunsuz olaraq rayon məktəbləri və uşaq bağçalarında atestasiya keçirməklə bağlı verdiyi sərəncamdan gedir. Rafil Hüseynov kimdir ki, atestasiya keçirə, imtahan götürə.
İkincisi, qanunsuz işdən çıxarılan Günelin şəhid qızı, yaxud məmur qızı olmasının hüquqi mənası yoxdur.
Günel Mehdiyeva da Ceyhun Mamedovun yersiz iradına cavab olaraq bildirib ki, bütün şəhidlər və qazilər qardaşlarımız və atalarımızdır. Mən öz hüququmu tələb edirəm.
Günel Mehdiyevanın “SƏN Dövlət İmtahan komissiyasının üzvüsən ki, məni sorğu-sual edirsən” sualına Ceyhun Mamedovun ikinci iradı o olub ki, mənimlə danışanda SİZ deyə müraciət edin.
Bu iki yersiz və gülünc irad onu göstərir ki, Rafil Hüseynovun əməkdaşları da “ağa”ları ağıldadır.
Sadəcə, məlumat üçün bildirək ki, Ceyhun Mamedovun anası rayondakı mağazada satıcı işləyir.
Son dəqiqələrdə aldığımız digər məlumata görə, işdən azad olunanlar arasında Ağcabədi rayonu, Hüsülü kənd sakini olan uşaq bağçası müdirəsi Əliyeva Gövhər Dərgah qızı da var.
Gövhər Əliyeva Əmək Məcəlləsinin 70 C maddəsi ilə işdən azad edilib.
Gövhər Əliyeva müxbirimiz ilə söhbətində bildirdi ki, atam veteran olub, anam qəhrəman ana, ərimin qəbri isə Ağdam ərazisindədir: “Hazırda iki nəvəmə mən baxıram, Ordumuz üçün iki əsgər böyüdürəm. Rafil Hüseynov məni 3 dəfə xəbərim olmadan qanunsuz olaraq işdən azad edib”.
Ümumiyyətlə, qadınların icra hakimiyyətinə dəvət olunması, sorğu-sual edilməsi, şübhəli təkliflər, işdən çıxarılan gənc qadının anasının qızı barəsində “Onun üçün öz ailəsi daha dəyərlidir...” deməsi və digər ilginc məlumatlar Rafil Hüseynovun “atestasiya” əməliyyatının arxasında daha çirkin işlərin dayandığını deməyə əsas verir.
Rafil Hüseynovun “atestasiyasından” əziyyət çəkənlərdən biri də “partşkola” dostunun gəlinidir.
Deməli, rayona ilk dəfə gələn icra başçısı Rafil Hüseynov “partşkola”da bir yerdə oxuduğu dostunun evində gecə qonaq olur və səhər onun gəlinini bağçada işə götürür. İndi işdən azad olunanlar arasında dostunun gəlini də var.
Ümumiyyətlə, bizimlə əlaqə saxlayan Ağcabədi sakinləri deyir ki, RİH-nin qabağında 30-dan artıq mülki şəxs vətəndaşların icra hakimiyyətinə, vəzifəli şəxslərin qəbuluna düşməsinə imkan vermirlər.
Artıq camaatın canı boğazına yığılıb. Deyirlər ki, niyə biz işimizi itirməliyik, qoy 69 yaşlı Rafil Hüseynov vəzifəsindən getsin.
Rafil Hüseynov Masallının icra başçısı vəzifəsindən azad olunub, Ağcabədiyə icra başçısı gələndə, Masallı camaatı toy-bayram edərək, deyib ki, “Yandı Masallının çırağı, söndü Ağcabədinin çırağı”.
Bu cümlə onu göstərir ki, Rafil Hüseynov həqiqətən də ağcabədililərin çırağını söndürməyə gəlib.
Bizi izləyin.
P.S Bu məsələ ilə bağlı Ağcabədi sakinlərinin hansı təklifi olsa 0502011260 nömrəsinə zəng edə bilərlər. /Gundelik-baku.com/