"Evdə müalicə xəstəliyi ağırlaşdıra bilir. Hazırda venadaxili infuziyalardan istifadə bir növ dəb halını alıb. Bakıda və rayonlarda da hər kəs venadaxili infuziyaları adi, gündəlik müalicə sisteminə salıblar. Bu, qətiyyən lazım deyil. Öz-özünü müalicənin qətiyyən tərəfdarı deyiləm".
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov deyib.
O, xəstəliyin diaqnozunun dəqiqləşdirilməsinin olduqca vacib əhəmiyyət daşıdığını dilə gətirib:
"Xəstəliyin ağırlıq dərəcəsi və yanaşı xəstəliklərin olub-olmaması bilinməlidir. Hər bir xəstəyə fərdi yanaşmaq lazımdır. Bəzən olur ki, heç xəstə deyil, eşidir ki, qonşusunda, tanışında, heç təmasda olmadığı adamda COVID aşkar olunub, başlayır özünə venadaxili infuziyalar (natrium-xlorid, ringer, deksametazon, B qrup vitaminlər) köçürtməyə. Bəzən xəstələrdən soruşuram ki, bunu niyə edirsiniz? Deyirlər ki, orqanizmi möhkəmləndirmək üçün elədim ki, yoluxmayım, xəstələnməyim. Onun yoluxma, xəstələnməyə heç bir aidiyyəti yoxdur. Ondansa sosial məsafəni gözləmək, mümkün qədər qapalı yerlərdə, insanların çox olduğu yerlədə olmamaq, maskadan istifadə etmək lazımdır".
Karantin qaydalarına ciddi əməl etmək daha vacibdir, nəinki sistem köçürmək. Əgər kiminsə şikayəti varsa, o halda poliklinikaya müraciət etməli, xəstəliyin diaqnozu dəqiqləşdirilməlidir. Əgər həmin şəxs koronavirusa yoluxubsa, onun vəziyyətinə uyğun olaraq, ehtiyac varsa, stasionara yerləşdirilməli, ehtiyac yoxdursa, izolyasiya olunub ev şəraitində  karantinə alınmalıdır”.
Həkim test üçün əsas göstərişlərdən danışıb. O bildirib ki, testin yoxlanılması üçün birinci şərt temperaturun qalxmasıdır: “Bu, əsas göstəricilərdən biridir. Birincisi, temperaturun olması, ikincisi, xəstəlik başlayanda bəzən diareya (mədə-bağırsaq pozuntusu), iy və dadbilmə hissinin itməsidir. Xəstəliyin başlanğıcında ilk mərhələlərdə yaxmanın informativliyi çoxdur. Bu da yoluxmadan sonrakı 5-7 gün ərzindədir və informativliyi 80 faizi ötmür. 5-7 gündən sonra KT daha informativdir, onun informativliyi isə 97-98 faizdir. Yeni yoluxanda infeksiya yuxarı tənəffüs orqanlarında olanda burun udlaqdan, ağız udlaqdan götürülən yaxmanın müayinəsi daha doğrudur. Amma bu o demək deyil, hamını KT etmək lazımdır. Hər kəsə fərdi yanaşmaq, xəstənin vəziyyətinə uyğun olaraq dəyərləndirmək lazımdır”.
R. Bayramov qeyd edib ki, təngnəfəslik müxtəlif səbəblərdən ola bilər: “Birincisi, təngnəfəslik psixoloji ola bilər. Bəzən xəstənin saturasiyasını, yəni qanın oksigenlə doyma dərəcəsini yoxlayıram, 98-99 olur, amma xəstə deyir boğuluram. Bu, təkcə, ağciyərlə bağlı olmur. Bu, həm nevroloji, həm də ürəklə bağlı ola bilər. Təngnəfəslik ağciyərin zədələnməsi görə də olur. Zədələnmə sahəsi nə qədər çox olarsa, o halda xəstələrdə boğulma hissi bir o qədər çox olar. Burada da fikirlər müxtəlifdir. Birinci ondan ibarətdir ki, ağciyərin çox sahəsi zədələnmiş olarsa, qazlar mübadiləsi pozulur, “buzlu şüşə” dediyimiz pnevmonit olan sahədə qazlar mübadiləsi pozulmuş olur. İkinci bir fikir də var ki, COVID-19-un, virusların təsiri əsasən qana, hemoqlobinədir. Virusun təsirindən hemoqlobin parçalanır. Nəticədə, dəmir ayrılır və hemoqlobinin oksigeni birləşdirib daşıma qabiliyyəti pozulur. Ona görə də qanda oksigenin miqdarı aşağı düşür, xəstələrdə boğulma hissi olur. Müayinədə xəstəliyin ağırlıq dərəcəsini yoxlamaq üçün təyin etdiyimiz ferritinin (dəmirin orqanizmdə toplandığı maddə-red.) müayinəsi zamanı onun artması COVID-in ağırlıq dərəcəsini göstərir. Ferritin bir növ koronavirusun indikatorudur, ağırlıq dərəcəsi ilə paraleldir”.
Kafedra müdiri qeyd edib ki, hazırda koronavirusa yoluxma səviyyəsi ilə bağlı dəqiq proqnoz demək çətindir: “Amma ümumi götürdükdə noyabrın sonu, dekabrın əvvəlinə yoluxmanın pikə çatacağını gözləyirdik. Mənə elə gəlir ki, yoluxmanın azalması, hazırkı dalğanın səngiməsi yaza doğru olacaq. Amma davamı necə olacaq, onu demək çox çətindir. Dünya alimlərinin son günlərdə apardığı tədqiqatları oxuyuram, araşdırıram. Məsələn, ingilislər bir tədqiqat aparıb, yaydan bu yana koronavirus infeksiyasının yüzlərlə mutasiyasını aşkar ediblər. Yəni yaydakı törədici ilə indiki başqa mutantdır, fərqli növüdür. Ona görə bundan sonrakı gedişi, necə olacağı, hansı xəstəliktörətmə qabiliyyətinə malik olacağını demək çətindir. Koronavirus bir növ dünyanın düzənini dəyişən infeksiya oldu. Bununla paralel yaşamağa öyrəşməli, uyğunlaşmalıyıq. Yəni, xəstəliyin nə vaxt bitəcəyini söyləmək çox çətindir. Virus nə vaxtsa mutasiya edib aradan qalxacaqsa, nə zaman kollektiv immunitet yaranacaqsa, həmin vaxt rahat ola biləcəyik ki, artıq qorxusu yoxdur”.
Həkim insanlarımıza sağlamlıq və səbr arzulayıb: “Düşünürəm ki, qısa zamanda bu çətinliyi dünya, ölkəmiz  olaraq minimum itkilərlə sona yetirmək üçün hər kəs həmrəy olub, bu gözəgörünməz düşmənlə mübarizədə bir nöqtəyə vurmalıdır. Yəni hamı mübarizədə iştirak etməlidir. Hamı karantin qaydalarına ciddi əməl edəcəksə, alacağımız nəticələr də bir o qədər yaxşı, yüksək olacaq”. (APA)скачать dle 12.1