“7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Seçki Məcəlləsinin və ölkə Konstitusiyasının tələblərinə uyğun olaraq addımlar atılmaqdadır”.
Bu sözləri açıqlamasında Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov deyib.
Millət vəkili 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri çərçivəsində YAP-ın təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinq keçirib-keçirməyəcəyi haqda sualı cavablandırıb.
Öz növbəsində, E. Nəsirov xatırladıb ki, yanvar ayının 8-nə qədər namizədlərin qeydə alınması prosesi gedəcək:
“Sonra isə onların təsdiqi məsələsinə baxılacaq. Çünki sonralar bu prosesə qatılanlar da olacaq. Nəticə etibarilə, proses 15 yanvara qədər davam edəcək. 15 yanvardan sonra isə təbliğat-təşviqat kampaniyası başlayacaq. Təbliğat-təşviqat kampaniyası prosesində isə fərqli bir yanaşma yoxdur. YAP-ın 2018-ci ildəki seçki kampaniyasında apardığı proses necə idisə, yenə də həmin proses olacaq”.
YAP-çı deputatın sözlərinə görə, Prezident İlham Əliyev seçkilərdə xüsusi təbliğat və təşviqata ehtiyacı yoxdur:
“Sadəcə, biz hüquqi bir dövlətik və hüquqi dövlətdə bütün bu proseduralar icra edilməli, yerinə yetirilməlidir. Bu baxımdan, bu addımlar atılır, çünki ölkə Prezidentinin cəmiyyətdə və xalq arasında ən yüksək səviyyədə reytinqi var. Ona görə də, Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə uyğun olaraq təbliğat-təşviqat kampaniyası həyata keçiriləcək. Bununla bağlı təşviqat qrupları yaradılacaq, müasir addımlar atılacaq və müvafiq prosesi hazırda getməkdədir”.скачать dle 12.1