7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir.

XİN-dən verilən xəbərə görə, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlarımızdan ibarət seçici siyahıları hazırlanaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək:

"Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-19:00-da Azərbaycan Respublikasının seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ölkəmizin Çin Xalq Respublikasındakı Səfirliyində başlayaraq, ABŞ-ın Los Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq".скачать dle 12.1