Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun martın 13-də 70 yaşı tamam olub.
Elə bu səbəbdən də ötən gün o “Şərəf” ordeni ilə təltif olunub. M. Pənahov 70 illik ömrünün son 21 ilini MSK sədri vəzifəsində keçirib və artıq bu vəzifədə son günlərini yaşayır. Belə ki, seçki qanunvericiliyinə görə, Azərbaycanda MSK-nın tərkibi ölkədə hər parlament seçkilərindən sonra yenilənməlidir. 
Azərbaycanda sonuncu parlament seçkiləri ötən ilin fevralında keçirilsə də, izah olunmayan səbəblərə görə tərkib buraxılmadı və bu günə qədər yeni üzvlər seçilməyib.
Əldə etdiyimiz xəbərə görə, yaxın günlərdə Milli Məclis nəhayət ki qanunun tələbini yerinə yetirəcək. Parlamentdə təmsil olunan partiyaların və bitərəflərin hesabına MSK-nın yeni tərkibi formalaşacaq. Lakin bu tərkibdə M. Pənahov yer almayacaq. Bundan əvvəlki illərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Pənahova bu dəfə yaşıl işıq yandırılmayıb və o YAP-ın MSK-dakı nümayəndələri sırasında yer almayıb. 70 yaşlı professorun “Şərəf” ordeni ilə təltif olunması da onun 21 illik əməyinə verilən qiymət kimi dəyərləndirilir.скачать dle 12.1