Səbail rayonu, Badamdar qəsəbəsində baş verən, 14 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə bir daha Bakıda qəzalı binaların hər an ölüm təhlükəsi saçdığını sübut etdi. Əslində Bakıda belə qəzalı binaların sayı dəfələrlə çoxdur.

Bakının Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail rayonu ərazilərində belə binalara rast gəlmək mümkündür. 

Bakıdakı qəzalı binalarda xüsusilə binanın yuxarı hissəsinə vurulan daş plitələrin çoxunun qopduğu, digərlərinin isə hər an qoparaq yerə düşmə təhlükəsi olduğu açıq görünür.

Belə qəzalı binalardan biri də Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 4 mərtəbəli binadır. Bu barədə bina sakini Nailə Vəlixanova BAKU.WS-in "qaynar xətti"nə şikayətində bildirib.

Onun sözlərinə görə, yaşadıqları bina uzun müddətdir ki, qəzalı vəziyyətdədir.

"Binanın eyvanları göz görə-görə uçur. Pilləkən və mərtəbələrin döşəmələri sökülür. Bütöv binanın uçacağından qorxuruq. Günlərimiz vahimə içində keçir”, - deyə Nailə Vəlixanova bildirib.

Şikayətlə bağlı Nərimanov rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun şöbə müdiri Rüfət Əhmədzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, Mayakovski küçəsində yerləşən 4 mərtəbəli bina rayonun qəzalı binalar siyahısındadır.

"Bu barədə Bakı şəhər İcra Hakimiyyətinə və digər aidiyyatlı qurumlara yazılı müraciət etmişik. Rayonumuzda ümumilikdə 219 qəzalı bina var. Onların bir hissəsi pilot layihəyə düşüb və sökülüb, yerində yeniləri tikiləcək. 40-dan çox belə bina spkülən və söküləcək evlər siyahısındadır.

Pilot layihəyə düşəcək binalar söküləcək və yerində sakinlərə evlər veriləcək. Bu pilot layihələri icra edən şirkətlərlə sakinlər arasında fərdi olaraq razılaşma əsasında həyata keçirilir. Bəzilərinə pul da verilir”, - deyə Rüfət Əhmədzadə bildirib.

Qeyd edək ki, digər ölüm təhlükəsi ilə yaşayan sakinlər isə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 31 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasında məskunlaşıblar. Bu binanın balkonları uçur, zirzəmisi su içindədir.

Binəqədi rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həmin bina xüsusi təyinatlıdır. Bu səbəbdən yaşayış binası 2 saylı xüsusi təyinatlı MKTB-nin 113 saylı mənzil-kommunal istismar sahəsinin balansındadır.

"Bu bina xüsusi təyinatlı binalardandır. Onların problemi ilə birbaşa olaraq 113 saylı mənzil-kommunal istismar sahəsi məşğul olmalıdır”, - deyə qurumdan bildirildi.

2 saylı xüsusi təyinatlı MKTB-nin 113 saylı mənzil-kommunal istismar sahəsinin sədri Məhəmməd Qasımov açıqlamasında bildirib ki, əslində həmin bina Bakı meriyasının balansındadır.

"Bu binalar Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Qurumun balansında 11 minə yaxın bina var. Binaların 80 faizi istismar müddətini başa vurub. İşlər sıralama qaydası ilə həyata keçirilir. Bu il də Asəf Zeynallı küçəsi 31 ünvanında yerləşən bina təmir ediləcək”.

Saytın əldə etdiyi məlumata əsasən Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur.

Bakı meriyasından bildirilib ki, hazırda BŞİH-in balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur:

"Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yarasız olması və insanların köçürülməsi barədə bizə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinətinə də artıq müraciət etmişik”.

Ekspertlərin fikrincə, hazırda Bakı şəhərində "Xruşovka”ların çoxu istismar müddətini bitirmiş və istismara yararsızdırlar. Bəziləri isə istismar müddətini bitirsə də, hələlik onlardan istifadə etmək mümkündür.

Memarlıq Bürosunun əməkdaşı Çingiz Ağarzayev açıqlamasında bildirib ki, Sovet dövründə tikilən yaşayış binalarının ("Xruşovka”) ömrü 50 il nəzərdə tutulur.

"Bu binaların sökülüb yerində yeni bina tikilməsi isə müəyyən proses keçməlidir.

Həmin binalara Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirməlidirlər. Baxışdan sonra tikiliyə qəzalı olub-olmaması barədə rəy verilməlidir. Bu rəydən sonra aidiyyəti quruma məlumat verilməlidir və binanın sökülməsi barədə qərar çıxarılmalıdır.

Söküntüdən sonra binanın yerində relyefə və normalara uyğun tikinti aparılmalıdır. Azərbaycan standartlarının normaları var. Bu normalar bölgənin sıxlığından asılı olur”, - deyə ekspert bildirib.

Çingiz Ağarzayevin sözlərinə görə, Bakıda elə binalar var ki, FHN rəy bildirib, lakin hələ də sökülməyib.

Ekspert Ramil Osmanlının fikrincə isə təcili olmaqla Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla köhnə mənzil fondunda araşdırmalara başlanılmalıdır:

"Hansı binalarda istismar müddəti başa çatan binaların siyahısı hazırlanmalıdır. Hansı binalarda qəza var, onlarda təmri-bərpa işləri aparılmalıdır.

Hesab edirəm ki, təmir-bərpa işləri mütəmadi olaraq aparılmalıdır. İcra hakimiyyətləri, Mənzil Kommunal Təsərrüfat, eyni zamanda çoxmənzilli binaların qorunması istiqamətində təcili şəkildə hərəkətə keçməlidir”.

Sonda ümid edirik ki, qəzalı binaların təmiri, sökülüb, yerlərində yenilərinin tikilməsi işləri sürətlənəcək. Yoxsa bədbəxt hadisələrin sayı getdikcə artacaq.
 


скачать dle 12.1