“2020-ci il noyabr ayının 8-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinin erməni işğalçılarından azad olunması əslində qələbənin carçısı oldu. Şuşa şəhəri azad edildikdən sonra erməni silahlı qüvvələri artıq ağ bayraq qaldırmağa məcbur oldular və noyabr ayının 10-da isə Ermənistanın siyasi rəhbərliyinin kapitulyasiya aktını imzalamaqdan başqa çarəsi qalmadı”. Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, o zamandan keçən bir il ərzində Şuşanın bərpası və yenidənqurulması istiqamətində çoxlu işlər görülüb, Şuşada "Xarıbülbül" festivalı keçirilib, “Molla Pənah Vaqif” poeziya günləri təşkil edilib: “Şuşa əvvəlki simasına qayıtmaqda, müasirləşməkdədir Şuşa sözün həqiqi mənasında Azərbaycan mədəniyyət paytaxtı kimi o şərəfli adını daşımağa layiq bir şəhərə çevrilməkdədir. Şuşa şəhəri Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”.
Deputat sözlərinə belə davam edib: “Bütün bu reallıqlar fonunda və qələbəmizin rəmzi olaraq ölkə Prezidenti cənab İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etdi. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı Azərbaycan xalqına təbrik nitqində Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı kimi elan etdi və 2022-ci il "Şuşa İli" kimi ölkəmizdə qeyd olunacaq. Heç şübhəsiz ki, bu tədbir çərçivəsində ilk növbədə işğaldan azad olunmuş Şuşa şəhərinin bərpası və yenidənqurulması işləri daha da sürətlənəcək, daha dinamik şəkildə həyata keçiriləcək. Şuşanın Baş planı təsdiq edilib. Bu Baş plan üzrə bütün işlər ardıcıl şəkildə, sistemli şəkildə reallaşdırılacaq. Ordakı məscidlərimiz bərpa olunacaq, hər biri ən yüksək səviyyədə bərpa olunacaq və eyni zamanda ənənəvi "Xarıbülbül" festivalı və ənənəvi "Vaqif poeziya günləri" bundan sonra da davam etdiriləcək və bu il "Şuşa İli" ərzində də bu tədbirlərin intensiv şəkildə keçiriləcəyi planlaşdırılır. Sovet ittifaqı zamanında Şuşa şəhərini mühüm istirahət mərkəzi kimi tanıyırdılar. Amma eyni zamanda onu post-sovet məkanında və dünya miqyasında tanıtmaq əsas hədəflərdən biridir”.
”Hesab edirəm ki, bu nöqteyi-nəzərdən "Şuşa İlin"də ayrı-ayrı ölkələrdə sərgilərin keçirilməsi, konfransların təşkil edilməsi, "Şuşa İli" ilə bağlı konsert proqramlarının hazırlanması, telekörpülərin yaradılması bu kimi vacib addımlar atılması gözlənilir və dünyanın məşhur yerlərində "Şuşa İli" ilə bağlı müxtəlif yönümlü tədbirlərin keçirilməsi hədəflər sırasındadır. Şuşa sözün həqiqi mənasında Azərbaycanın bugün mədəniyyət mərkəzi olaraq tanınmaqdadır və "Şuşa İli" ərzində də məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın dünyada tanınması əsas hədəflər sırasındadır”.
скачать dle 12.1