"Xocalı rayonunun Fərrux kəndi mart ayının 24-də Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına keçdi. Yenilməz ordumuzun sərhədlərimiz boyunca apardığı dəqiqləşdirmələr nəticəsində, bu ərazilər üzərində də Azərbaycan bayrağı ucalmaqdadır".
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bu kəndin çox böyük strateji əhəmiyyəti var, çünki bu kənddə Fərrux yüksəkliyi yerləşir:
"Fərrux yüksəkliyi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmədiyi təqdirdə, əslində Ağdamda bərpa və yenidənqurma işlərini aparmaq mənasını itirirdi. Həmin yüksəklikdən Ermənilərin Azərbaycana qarşı istənilən hərbi təxribatını həyata keçirtməsi mümkün idi.
Nəzərə alaq ki, 1993-cü ildən 2020-ci ilə qədər bu kənd Ermənistanın işğalında olub. 2020-ci il 10 noyabr tarixli 3 tərəfli sənədin imzalanmasından sonra isə həmin kənd müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin dislokasiya zonasına daxil edilib və bu kəndin artıq geri alınması sözün həqiqi mənasında müzəffər Prezidentimiz cənab İlham Əliyevin formalaşdırdığı yenilməz ordunun növbəti uğuru və şücaəti kimi qiymətləndirilməlidir.
Əsgəranın 16, Xankəndinin 32 kilometrliyində yerləşən bu kəndi artıq ermənilər tərk ediblər. Bu gün Ermənistanda sözügedən hadisə böyük bir narahatlıq hissi ilə qeyd edilir.
Azərbaycan öz tarixi ərazilərinə addım-addım yaxınlaşır. Həm də beynəlxalq hüquqi çərçivədə Azərbaycan öz ərazi bütövlüyünü təmin edir, bu isə həm də tarixi ədalətin bərpası anlamındadır.
Bütün bunlar cənab Prezident İlham Əliyevin nə qədər haqlı olduğunu bir daha göstərir. O, nəyi, nə zaman və necə etməyi çox yaxşı bildiyini dəfələrlə vurğulayıb. Hazırki tarixi şəraitdə atılan addımların nəticəsi göz qabağındadır. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında həm siyasi-diplomatik, həm də hərbi yolla Azərbaycan torpaqları üzərində süverenliyi, ərazi bütövlüyünü təmin edib. Bu proses bu gün Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsi ilə bir daha öz təntənəsini tapır".
скачать dle 12.1