Əhəd Abıyev giriş nitqində vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən bütün səyyar-görüş qəbulların əsas məqsədi yerlərdə sakinlərin müraciətlərini özlərindən dinləməklə məsələlərin həllinə nail olmaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında son 10 ildə Quşçu kəndində tam müasir tələblərə cavab verən 360 şagird yerlik yeni məktəb binasının tikilməsini, kənd uşaq bağçasının əsaslı təmir edilməsini, ərazidə müxtəlif abadlıq işlərinin aparılmasını, əhalinin içməli su, qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunması sahəsində problemlərin aradan qaldırılmasını, kəndə gələn əsas avtomobil yolunun müasir tələblərə uyğun asfaltlaşdırılmasını, əhalinin məşğulluğunun artırılması üçün müxtəlif təsirli tədbirlərin görülməsini, həmçinin “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsinin Quşçu kənd sakinlərinin böyük əksəriyyətinin daimi işlə təmin olunmasındakı rolunu və ərazidə bir sıra sosial, ekoloji, o cümlədən turizmlə bağlı layihələrin icra edilməsini qeyd edib.
Sakinlərin müraciətləri əlillik pensiyasının təyinatı, kənd ərazisinə bankomatın quraşdırılması, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Hər bir sakini fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin bir çoxu yerində həll edilib, bir qismi də araşdırılması üçün nəzarətə götürülüb.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
Humanitar məsələlər şöbəsinin müdir müavini






