ABM sədrinin yeni müavinləri ilə bağlı məlumatları təqdim edir:

Rəşad Temraz oğlu Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanlıdır, ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb. 2000-2004-cü illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində işləyib. 2004-2006-cı illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.
2006-2008-ci illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsini tutub. 2008-2011-ci illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.
2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.

Əliyar Qəhrəman oğlu Məmmədyarov 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanlıdır, ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "İqtisadçı” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.
2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib. 2004-2006-cı illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsini tutub.
2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.
2008-2016-cı illərdə Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləyib. 2016-cı ilin may ayından Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə təyin edilib.
2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.