Şanlı və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ili tamam olur. Müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti adlanan ilk demokratik respublikanı yaradan “qurucu atalar” çox gözəl dərk edirdilər ki, misilsiz xidmətlərinin bu “şah əsəri”ni qorumaq üçün güclü orduya malik olmaq əsas şərtdir. Müəllifi olduqları “İstiqlal bəyannaməsi”ndə də məsələ məhz belə qoyulurdu: Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Həmin il avqustun 1-də Azərbaycanın Hərbi Nazirliyi təsis olundu. Xosrov bəy Sultanov hərbi nazir təyin edildi. Nəticələr özünü çox gözlətmədi. Qısa zaman kəsiyində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf əraziləri erməni-bolşevik işğalından azad etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixi fəaliyyətinə sovet işğalı son qoydu. Hərbi nazirlik ləğv olundu. Milli Ordumuzun 15 generalı bolşevik hökuməti tərəfindən güllələndi.
Bu fikirlər Milli Məclisin deputatı Elman Nəsirovun "Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, şərəf və fəxarət mənbəyidir" adlı məqaləsində qeyd olunub. AZƏRTAC məqaləni təqdim edir:
XX əsrin sonunun titanik geosiyasi təlatümlərinin məntiqi nəticəsi olaraq dağılan SSRİ-nin yerləşdiyi coğrafi məkanda yeni müstəqil dövlətlər yarandı. Azərbaycan Respublikası həmin dövlətlər sırasında yer alsa da, daha ağır təhdid və çağırışlarla sınağa çəkilmişdi. Bu, ilk növbədə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı idi. Yeni mürəkkəb geosiyasi reallıqlar ordu quruculuğu məsələsini həyati zərurətə çevirmişdi. Düzdür, ozamankı Azərbaycan hakimiyyəti 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul etsə də, bu, formal xarakter daşıyırdı. Vahid ordu quruculuğu konsepsiyası yox idi. Ayrı-ayrı siyasiləşmiş komandirlərə tabe olan hərbi qruplaşmalar bir çox hallarda ön cəbhədə düşmənə qarşı deyil, daxili siyasi problemlərin həlli üçün bir alət olaraq istifadə olunurdu. Bu reallıq ermənilərin ərazi iddialarını həyata keçirmək üçün münbit şərait yaradırdı.
Yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra nizami ordunun formalaşdırılması istiqamətində misilsiz addımlar atıldı. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabr-1994-cü ilin yanvar aylarında həyata keçirilən məşhur “Horadiz əməliyyatı”nın nəticəsi olaraq həmin şəhər də daxil olmaqla 22 yaşayış məntəqəsi azad edildi. Azərbaycanın formalaşan ordusundan ilk ağır zərbəni alan düşmən tərəf elə həmin il mayın 12-də atəşkəs sənədi imzalamağa məcbur oldu. Azərbaycan Respublikası öz ordusunu möhkəmləndirib, torpaqlarını azad etmək üçün strateji pauza əldə etdi. Bu məsələnin prioritetliyini nəzərə alaraq, ulu öndər Heydər Əliyev 1998-ci il 22 may tarixli Qərarı ilə 26 iyun tarixini Silahlı Qüvvələr Günü kimi müəyyən etdi. Azərbaycan Ordusunun hərbi hazırlığı, maddi-texniki təchizatı, xüsusilə də vətənpərvərlik ruhu daha da yüksəlmiş oldu.
Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprelində təkcə düşmənə deyil, eləcə də bütün dünyaya nümayiş etdirdi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza əsl qələbə sevinci yaşatdı.
Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.
Bu hərbi qələbə, əslində, Vətən müharibəsində əldə olunacaq tarixi Zəfərin baş məşqi, onun ilk müjdəçisi oldu. Bunun ardınca yenilməz Azərbaycan Ordusu uğurlu Naxçıvan əməliyyatı həyata keçirdi. Bu tarixi hərbi qələbələrə yüksək qiymət verən Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda vurğulamışdır: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Prezident İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikirlərin həyatda tam təsdiqini tapması üçün cəmi 4 il zaman kəsiyi lazım gəldi.
Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 2020-ci il noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.
8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və “dəmir yumruğ”a çevrilmiş xalq. Bu reallıqda Prezident, Ordu, xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi Zəfər ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində Ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi Zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır.
Təsadüfi deyildir ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. O hərbi əməliyyatlar ki, düşmənin üzləşdiyi hərbi texnika və sursat baxımından itkiləri 4 milyard ABŞ dollarına bərabərdir. Dövlət büdcəsi cəmisi 350 milyon ABŞ dollarına malik təcavüzkar Ermənistanın belə iri həcmdə silah-sursat almaq imkanına malik olmaması bəlli həqiqətdir. Deməli, təcavüzkarın şirnikləndirilməsi siyasəti onda “arxayınçılıq sindromu” formalaşdırmış və cəzasız qalacağına inam yaratmışdır. Bu baxımdan beynəlxalq ictimaiyyətin də üzərinə məsuliyyət payı düşür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu həmin “arxayınçılıq sindromu”nu və “cəzasızlıq rejimi”ni darmadağın etdi.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı keçirildi. Bu tarixi əhəmiyyətli hərbi paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın iştirak etməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır.
Zəfər paradında çıxış edən Prezident İlham Əliyev tarixin sınağından şərəflə çıxmış Azərbaycan-Türkiyə birliyinə və qardaşlığına diqqəti cəlb edərək vurğuladı: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.
Hərbi paradda çıxışında Türkiyə-Azərbaycan qardaşlığını yüksək qiymətləndirən və dünya dövlətləri üçün örnək hesab edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdoğan söyləmişdi: “Hörmətli Qardaşım, əziz Azərbaycan xalqı. Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq”.
Sonda onu da qeyd edək ki, təxminən uç il əvvəl Ermənistanın siyasi rəhbərliyi sərsəm bəyanat verərək bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə qəti və prinsipial olaraq bəyan etmişdı ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün, Müzəffər Ordumuzun yaranmasının 104-cü ildönümünü qeyd etdiyimiz yeni reallıqda bütün dünya bir daha əmin oldu ki, Qarabağ Azərbaycandır!
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın müzəffər Ordumuz! Yaşasın qalib xalqımız!
Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, şərəf və fəxarət mənbəyidir
27
iyun
11:30

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu